Bakıdan La-Korunyaya: “Barselona” üçün çətin sınaq, Madrid nəhənglərindən liderə təzyiq - İDMAN.BİZ-in İCMALI

28 Noyabr 2026 15:03
36
Bakıdan La-Korunyaya: “Barselona” üçün çətin sınaq, Madrid nəhənglərindən liderə təzyiq - İDMAN.BİZ-in İCMALI

İspaniya çempionatında titul uğrunda mübarizənin əsas iştirakçıları tədricən müəyyənləşsə də, avrokuboklara vəsiqə qazanmaq, eləcə də elit divizionda yerini qorumaq uğrunda rəqabət olduqca gərgin olaraq qalır.

İdman.Biz xəbər verir ki, 36 xalla turnir cədvəlinə başçılıq edən “Barselona” ən yaxın izləyicisi “Real Madrid”i 3, “Atletiko”nu 5, ilk dördlüyü tamamlayan “Real Betis”i isə 9 xal qabaqlayır. Kataloniya təmsilçisi hücumdakı məhsuldarlığı ilə də diqqət çəkir. Komanda çempionatın 13 turunda rəqib qapılarından 51 qol keçirib.

Turnir cədvəlinin aşağı pillələrində isə ən çətin vəziyyətdə “Malaqa”dır. Hələ qələbə qazana bilməyən komanda 5 xalla sonuncu yerdə qərarlaşıb. “Elçe” (11 xal) və “Xetafe” (12 xal) də hazırda aşağı liqaya düşmə zonasındadır. Bununla belə, 10-cu pillədəki “Vilyarreal”la 18-ci yerdəki “Xetafe” arasında cəmi 3 xallıq fərq var.

“Real Betis” – “Rayo Valyekano”

İspaniyada əsas diqqət üç nəhəng klubun rəqabətinə yönəlsə də, Manuel Pelleqrininin rəhbərlik etdiyi “Real Betis” Çempionlar Liqasına vəsiqə verən zonada mövqeyini kifayət qədər möhkəmləndirib. Sevilya təmsilçisi ən yaxın izləyicisi “Real Sosyedad”ı 5 xal qabaqlayır.

“Real Betis” ötən tur prinsipial Sevilya derbisində “Sevilya” ilə heç-heçə edib (1:1). Bundan sonra komanda Çempionlar Liqasının Liqa mərhələsində Bratislavada “Slovan”a qalib gəlib – 2:0.

Cari mövsümdə Pelleqrininin yetirmələrinin əsas üstünlüklərindən biri doğma meydanda çıxışlarıdır. Komanda çempionatda keçirdiyi 6 ev oyununun 5-də qələbə qazanıb və mümkün 18 xaldan 15-ni toplayıb.

Lakin qarşıdakı rəqib “Betis” üçün ənənəvi olaraq çətin rəqib sayılır. Sevilya klubu çempionatda “Rayo Valyekano” ilə son 5 qarşılaşmanın heç birində qalib gələ bilməyib. Üstəlik, son 4 görüş heç-heçə ilə başa çatıb.

Benyat San-Xosenin rəhbərlik etdiyi Madrid təmsilçisi ötən tur öz meydanında “Valensiya”ya 0:1 hesabı ilə uduzub. Bu nəticədən sonra rəqibi ilə xallarını bərabərləşdirib. “Rayo Valyekano” cari çempionatda səfərdə də hələ qələbə qazanmayıb. Komanda 2 dəfə heç-heçə edib, 4 dəfə isə məğlub olub.

Kadr məsələlərinə gəlincə, Pelleqrini Covani Lo Çelso və Dani Sebalyosun xidmətindən yenə yararlana bilməyəcək. Bununla belə, Bratislavada zədələnən Abde Ezzalzuli qarşıdakı oyunun iştirak ərizəsinə daxil edilib.

“Elçe” – “Atletiko Madrid”

“Barselona” və “Real Madrid”in müəyyənləşdirdiyi temp fonunda Dieqo Simeonenin komandası turnir cədvəlinin aşağı pillələrində qərarlaşan rəqiblərlə oyunlarda xal itirmək lüksünə malik deyil.

Kataloniya klubuna məğlubiyyətdən sonra “Atletiko” bütün turnirlərdə ardıcıl iki qələbə qazanıb. Madrid təmsilçisi səfərdə “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib, Çempionlar Liqasında isə Norveçin “Vikinq” klubuna 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, 13 turda cəmi 10 qol buraxan “Atletiko” La Liqanın cari mövsümündə ən etibarlı müdafiəyə malik komandadır.

“Elçe”yə gəlincə, Martin Anselminin yetirmələri çempionatın əvvəlindən bəri cəmi 2 qələbə qazanıblar. Komanda ötən tur “Levante” ilə heç-heçə edib – 1:1. Bununla belə, Madrid klubunun rəqibini kiçik görməsi düzgün olmazdı. Belə ki, komandaların bu il aprelin 22-də “Martines Valero” stadionunda keçirilən son qarşılaşmasında “Elçe” 3:2 hesablı qələbə qazanıb.

Simeone üçün əlavə çətinliklər futbolçuların zədələri ilə bağlıdır. Kristian Romero, Ademola Lukman və Aleksander Sörlot zədə səbəbindən Elçeyə yollanmayıblar. Sonuncu futbolçu “Vikinq”lə qarşılaşmada qollardan birinin müəllifi olub.

Qarşıdakı oyunun Simeonenin yetirmələri üçün əhəmiyyəti təkcə turnir cədvəli ilə bağlı deyil. Madrid klubu artıq dekabrın 2-də səfərdə “Barselona” ilə qarşılaşacaq. Bu vacib matçdan əvvəl xal itkisi “Atletiko”nun çempionluq mübarizəsindəki vəziyyətini xeyli çətinləşdirə bilər.

“Real Madrid” – “Alaves”

Joze Mourinyonun rəhbərliyi altında “Real Madrid” nəticələr baxımından yüksək sabitlik nümayiş etdirir. Madrid klubu İspaniya çempionatının növbəti turuna bütün turnirlərdə ardıcıl 10 qələbə ilə yollanır. Bu müddətdə “kral klubu” rəqib qapılarından 31 qol keçirib. Komanda cari çempionatda doğma meydanda keçirdiyi 6 oyunun hamısında qalib gəlib.

“Real Madrid” ötən tur “Selta”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra Çempionlar Liqasında Niderlandın PSV klubunu darmadağın edib – 5:1. Komandanın liderləri də yaxşı formadadır. Kilian Mbappe avrokubok matçında dubl edib, Cud Bellinqem isə son 5 oyunun 4-də fərqlənib.

Bununla belə, turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan “Alaves” də mövsümü pis keçirmir. Kike Sançes Floresin yetirmələri ötən tur “Deportivo”ya 3:1 hesabı ilə qalib gəliblər. Bununla da komanda bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 3-ə çatdırıb.

Madrid klubunun heyətində Rodriqo, Raul Asensio və Endrik zədələrini sağaltmağa davam edirlər. Trent Aleksander-Arnold isə xəstəlik səbəbindən qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Uzunmüddətli bərpadan sonra Ferlan Mendi yenidən heyətə qayıdıb.

Maraqlıdır ki, “Real Madrid” ardıcıl üçüncü oyununu “Santyaqo Bernabeu” stadionunda keçirəcək. Əsas rəqibi “Barselona” isə bu günlərdə minlərlə kilometr məsafə qət etməli olur.

“Alaves” üzərində qələbə qazanacağı təqdirdə, Mourinyonun komandası xallarını “Barselona” ilə bərabərləşdirəcək. Bu isə kataloniyalıların “Deportivo” ilə səfər oyunundan əvvəl onlara əlavə psixoloji təzyiq yaradacaq.

“Deportivo” – “Barselona”

Qarşıdakı görüşdə kataloniyalıların əsas rəqiblərindən biri də yığılmış yorğunluq ola bilər.

Ötən bazar günü Hans-Diter Flikin yetirmələri “Vilyarreal”la oyunda 0:2 hesabı ilə geridə olsalar da, əzmkar qələbə qazanıblar – 3:2. Artıq ertəsi gün isə komanda Azərbaycana yola düşüb və çərşənbə günü Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda “Sabah”a 4:1 hesabı ilə qalib gəlib.

Bakı səfəri “Barselona”nın avrokuboklardakı tarixində məsafə baxımından ən uzun səfər olub. İndi isə kataloniyalıları Kataloniyanın paytaxtından təxminən 900 kilometr məsafədə yerləşən La-Korunya şəhərinə səfər gözləyir.

İspaniya mətbuatı Flikin komandasının sıx oyun qrafikinə xüsusi diqqət yetirir. Xüsusilə “Mundo Deportivo” nəşri yazır ki, “Barselona” futbolçuları Bakıdan İspaniyaya yalnız cümə axşamı yerli vaxtla saat 05:45-də qayıdıblar. Komanda bir həftə ərzində üç gecəni oteldə, bir gecəni isə təyyarədə keçirəcək. Bakı və La-Korunya səfərləri, eləcə də geri dönüş nəzərə alınmaqla, kataloniyalıların uçuş məsafəsi ümumilikdə təxminən 10 min kilometr təşkil edəcək.

Flik heyətlə bağlı müəyyən problemlərlə də üzləşib. “Sabah”la oyunda topuq nahiyəsindən zədələnən Alexandro Baldenin qarşıdakı matçda iştirakı sual altındadır. Andreas Kristensen bərpa prosesini davam etdirir. Rodri isə yalnız cümə günü komanda ilə qismən məşqlərə başlayıb.

Bununla yanaşı, Lamin Yamalın heyətə qayıdacağı gözlənilir. Sağ topuğundakı narahatlıq səbəbindən ehtiyat tədbiri olaraq Azərbaycan səfərinə aparılmayan futbolçu yenidən komandaya qoşulacaq. Fermin Lopes isə diskvalifikasiya səbəbindən qarşılaşmanı buraxacaq.

Kadr problemlərinə və sıx qrafikə baxmayaraq, “Barselona”nın çempionatdakı nəticələri azarkeşlərin ciddi narahatlığına əsas vermir. Kataloniya təmsilçisi 13 oyunun 12-də qalib gəlib və rəqib qapılarından 51 qol keçirib.

Elit diviziona qayıdan “Deportivo” isə Antonio İdalqonun rəhbərliyi altında ötən tur “Alaves”ə 1:3 hesabı ilə məğlub olub. Komanda 15 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qalisiya təmsilçisinin azarkeşləri üçün qarşıdakı oyun başqa bir baxımdan da xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Barselona” 8 il yarımlıq fasilədən sonra ilk dəfə İspaniya çempionatı çərçivəsində “Riasor” stadionunda meydana çıxacaq. Maraqlıdır ki, kataloniyalılar bu arenada sonuncu dəfə 2018-ci il aprelin 29-da oynayıblar. Həmin görüşdə 4:2 hesabı ilə qalib gələn “Barselona” vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Sıx oyun qrafikini və qarşıda “Atletiko” ilə vacib qarşılaşmanın olduğunu nəzərə alsaq, Fliki çətin vəzifə gözləyir. Baş məşqçi həm La-Korunyada qələbə qazanmalı, həm də əsas futbolçularının gücünü qorumağa çalışmalıdır.

“Selta” – “Vilyarreal”

Bu qarşılaşma Azərbaycan futbol azarkeşləri üçün də xüsusi maraq doğurur. Çünki dekabrın 8-də “Vilyarreal” Çempionlar Liqasının Liqa mərhələsinin altıncı turu çərçivəsində “Sabah”ı qəbul edəcək.

İnyiqo Peresin rəhbərlik etdiyi komanda İspaniya çempionatında hələlik gözləntiləri doğrultmur. “Vilyarreal” 13 oyunda cəmi 4 qələbə qazanıb.

Ötən tur “sarı sualtı qayıq” böyük sensasiyaya imza atmağa yaxın olub. Komanda “Barselona” ilə səfər oyununda artıq 7-ci dəqiqəyə qədər 2:0 hesabı ilə önə keçsə də, yekunda xalsız qalıb – 2:3. Həftə ərzində isə “Vilyarreal” Praqada Çexiyanın “Slaviya” klubunu 1:0 hesabı ilə məğlub etməklə uğursuzluğun əvəzini çıxıb. Qələbə qolunu kanadalı futbolçu Teycon Byukenen vurub.

Bu nəticə İspaniya klubunun Çempionlar Liqasında xallarını 6-ya çatdırıb və pley-offa vəsiqə uğrunda mübarizədə şanslarını artırıb.

“Vilyarreal”ın “Sabah”la qarşılaşması kontekstində komandanın heyətindəki vəziyyət də xüsusi diqqət çəkir. Zədəsini sağaldan təcrübəli hücumçu Jerar Moreno artıq ümumi qrupda məşqlərə başlayıb. Onun Viqoda keçiriləcək oyunda meydana çıxmaq ehtimalı var.

Xuan Foyt, İlyas Axomaş, Alassan Diatta və Natan Saliba isə bərpa prosesini davam etdirirlər. Bundan əlavə, “Barselona” ilə görüşdə qırmızı vərəqə alan müdafiəçi Pau Navarro “Selta” ilə matçı buraxacaq.

“Selta” isə ötən tur “Real Madrid”ə 1:2 hesabı ilə uduzub, daha sonra Avropa Liqasında İngiltərənin “Bornmut” klubuna öz meydanında məğlub olub – 1:2.

Turnir cədvəlinin 14-cü pilləsində qərarlaşmasına baxmayaraq, Klaudio Xiraldyesin komandası müdafiədə kifayət qədər etibarlı təsir bağışlayır. Qalisiya təmsilçisi 13 turda cəmi 12 qol buraxıb. Bu göstəriciyə görə ondan yalnız “Atletiko” və “Real Madrid” öndədir. Bununla belə, komandanın hücumdakı məhsuldarlığı arzuolunan səviyyədə deyil – cəmi 11 qol.

Qələbə qazanacağı təqdirdə, Viqo təmsilçisi turnir cədvəlində “Vilyarreal”ı qabaqlayacaq. Qonaqlar isə avrokuboklar zonasına yaxınlaşmaq imkanı əldə edəcəklər.

“Sabah”ın məşqçilər heyəti üçün bu qarşılaşma Çempionlar Liqasındakı növbəti rəqibi daha yaxından tanımaq, onun hazırkı vəziyyətini qiymətləndirmək, həmçinin İnyiqo Peresin komandasının güclü və zəif tərəflərini müəyyənləşdirmək baxımından əlavə fürsət olacaq.

La Liqa

14-cü tur

Bakı vaxtı ilə

27 noyabr

23:59. “Levante” – “Rasinq” – 1:3

28 noyabr

17:00. “Real Betis” – “Rayo Valyekano”

19:15. “Malaqa” – “Atletik”

21:30. “Elçe” – “Atletiko Madrid”

23:59. “Real Madrid” – “Alaves”

29 noyabr

17:00. “Valensiya” – “Osasuna”

19:15. “Deportivo” – “Barselona”

21:30. “Selta” – “Vilyarreal”

23:59. “Real Sosyedad” – “Sevilya”

30 noyabr

23:59. “Espanyol” – “Xetafe”

Turnir cədvəli

1. “Barselona” – 36 xal

2. “Real Madrid” – 33 xal

3. “Atletiko Madrid” – 31 xal

4. “Real Betis” – 27 xal

5. “Real Sosyedad” – 22 xal

6. “Rasinq” – 20 xal

7. “Sevilya” – 19 xal

8. “Atletik” – 16 xal

9. “Alaves” – 16 xal

10. “Vilyarreal” – 15 xal

11. “Espanyol” – 15 xal

12. “Deportivo” – 15 xal

13. “Osasuna” – 15 xal

14. “Selta” – 13 xal

15. “Levante” – 12 xal

16. “Rayo Valyekano” – 12 xal

17. “Valensiya” – 12 xal

18. “Xetafe” – 12 xal

19. “Elçe” – 11 xal

20. “Malaqa” – 5 xal

Qeyd edək ki, “Rasinq” və “Levante” hərəyə 14, “Atletik” və “Rayo Valyekano” isə hərəyə 12 oyun keçirib. Digər komandaların aktivində 13 matç var.

İdman.Biz