Gürcüstanın baş naziri İrakli Kobaxidze UEFA Avropa Liqasının əsas mərhələsində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında Batumidə keçirilən qarşılaşma zamanı yaşanan insidentə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, hökumət başçısının sözlərinə görə, Gürcüstan mümkün təhlükəsizlik risklərinə rəğmən, Türkiyə ilə dostluq münasibətləri naminə oyunun ölkə ərazisində keçirilməsinə razılıq verib.
Kobaxidze Türkiyə təmsilçisinə ölkə xaricində dolu tribunalar qarşısında oynamaq imkanı yaratdıqlarını vurğulayaraq başqa ölkədə belə bir şəraitin mümkün olmayacağını diqqətə çatdırıb.
Baş nazirin fikrincə, Türkiyədən gələn azarkeşlərin böyük əksəriyyəti bu təşəbbüsü layiqincə qiymətləndirsə də, bir neçə yüz nəfər təxribat xarakterli davranış nümayiş etdirib.
“Onları heç azarkeş də adlandırmazdım”, – deyə Kobaxidze həmin şəxslərə münasibətini ifadə edib.
Asayişin qorunmasında göstərdikləri səylərə görə Gürcüstanın daxili işlər nazirinə və polis əməkdaşlarına təşəkkürünü çatdıran hökumət başçısı insidentdən siyasi məqsədlərlə yararlanmağa çalışan şəxsləri də tənqid edib.
Xatırladaq ki, “Beşiktaş” Gürcüstan polisini azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq etməkdə ittiham edib. UEFA isə Batumidə yaşanan hadisələrlə bağlı intizam araşdırmasına başlayıb.
