“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Vinisius Juniorun ehtiyatda qalması ilə bağlı suala cavab verib.
İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçular arasında status baxımından fərq qoymadığını bildirib.
“Bu, onun problemidir, mənim yox. Mbappe, Bellinqem və Vinisius eyni səviyyədədirlər. Əgər bir gün ehtiyat oyunçular skamyasında qalsalar və bu, onların xoşuna gəlməsə, öz problemləridir.
Komandanın ümumi məqsədi fərdi məqsədlərdən üstündür, qalan hər şey ikinci dərəcəlidir.
Mbappe və Bellinqemdən danışarkən onların çox oyun vaxtı qazandıqlarını görürsünüz. Amma bu, onların statusu ilə deyil, möhtəşəm çıxışları ilə bağlıdır. Əsas fərq də budur.
Bellinqemsiz oynamağın necə olduğunu hiss etmişik, Mbappesiz oynamağın necə olduğunu da hiss edəcəyik. Bizim Tibo Kurtua kimi böyük fərq yaradan qapıçımız var. Buna görə də zədəli olduğu hallar istisna olmaqla, həmişə oynayır. Lakin Kurtuanı əvəzləyən futbolçu da mühüm rol oynayıb. Hazırkı heyətin gücü məhz bundadır”, – deyə Mourinyo qeyd edib.
Madrid klubunun baş məşqçisi qış transfer pəncərəsində heyətdə dəyişiklik etmək niyyətində olmadığını da açıqlayıb:
“Komandada bəyənmədiyim, burada görmək istəmədiyim futbolçu yoxdur. Heç kimi transfer etmək istəmirəm. Transfer hay-küyünün başlamasına hələ iki ay qalsa da, bunu indidən deyirəm. Heç kimin də ayrılmasını istəmirəm. Qapı bağlıdır”.
