Batumi insidenti Türkiyədə geniş əks-səda doğurdu: Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi

27 Noyabr 2026 00:31
34
Batumi insidenti Türkiyədə geniş əks-səda doğurdu: Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi

UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turunda Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” - “Hapoel Beer Şeva” qarşılaşmasında yaşanan hadisələr Türkiyədə geniş əks-səda doğurub.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, “Beşiktaş” Gürcüstan polisinin azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq etməsini pisləyən bəyanat yayıb.

İstanbul klubu məsələ ilə bağlı Türkiyənin Batumidəki Baş Konsulluğu və UEFA qarşısında müvafiq addımların atıldığını açıqlayıb. Klub rəhbərliyi bütün azarkeşlər Türkiyəyə sağ-salamat qayıdanadək vəziyyəti diqqətdə saxlayacağını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Beşiktaş”ın prezidenti Serdal Adalıya zəng edərək klub və azarkeşlərlə həmrəyliyini ifadə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Batumidəki Türkiyə vətəndaşlarının vəziyyəti ilə bağlı gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.

Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak təhlükəsizlik qüvvələrinin azarkeşlərə qarşı müdaxiləsini sərt şəkildə pisləyib, türk idmanının və azarkeşlərin hüquqlarını bütün platformalarda müdafiə edəcəklərini vurğulayıb.

Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, həmçinin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik də hadisəyə etirazlarını bildiriblər.

“Qalatasaray” klubu isə həm Gürcüstan polisinin hərəkətlərini pisləyib, həm də UEFA-nı Türkiyə klublarına qarşı ikili standartlar tətbiq etməkdə ittiham edib.

“Türkiyə komandalarının beynəlxalq yarışlarda öz meydanında və azarkeşləri qarşısında oynamaq hüququndan məhrum edilməsini qəbul etmirik. UEFA klublarımıza qarşı bərabərlik prinsipinə zidd olan və ikili standartlara əsaslanan yanaşmasına son qoymalıdır”, - deyə klubun bəyanatında qeyd olunub.

Xatırladaq ki, “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı və “Fələstinə azadlıq” şüarı yazılmış plakat açmasından sonra tribunada polislə azarkeşlər arasında qarşıdurma yaşanıb. İnsident səbəbindən 35 dəqiqəlik fasilə yaranan qarşılaşma Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz