Argentina millisinin baş məşqçisi Lionel Skaloni Kosta-Rika üzərində 7:0 hesablı qələbədən sonra komandanın gənc futbolçularının çıxışını yüksək qiymətləndirib və onlara vacib mesaj ünvanlayıb.
İdman.Biz “TyC Sports”a istinadən xəbər verir ki, mütəxəssis Kordobada keçirilən qarşılaşmadan sonrakı mətbuat konfransında fərdi istedadın uğur üçün kifayət etmədiyini bildirib.
“Gənclərimiz çox yaxşıdır, amma onlar həmişə komandadan asılıdırlar. Heç bir futbolçu təkbaşına uğur qazana bilməz. Buna görə də biz komanda oyununa əsaslanan sistemi qoruyuruq. Leonun (Messi) belə bunu başa düşməsi ən bariz nümunədir”, - deyə Skaloni vurğulayıb.
Baş məşqçi Argentina millisinin gələcək hədəflərindən də danışıb:
“Kifayət qədər möhkəm təməlimiz var. Gələn il hansı rəqiblərlə qarşılaşacağımızı dəqiqləşdirməliyik. Bizim üçün əsas məsələ rəqabət aparmaqdır. İstəyirəm ki, eyni yolla davam edək, rəqiblərin qarşılaşmaqda çətinlik çəkdiyi güclü komanda olaraq qalaq. Həm müdafiədə, həm də hücumda rəqibə qarşı düzgün həll yolları tapmalıyıq. Futbolda yüksək səviyyəni qorumaq çətindir və əsas məqsədimiz bunu bacarmaqdır”.
Qeyd edək ki, Argentina millisi Kosta-Rikanı 7:0 hesabı ilə məğlub edib. Görüşdə Niko Pas, Franko Mastantuono və Xulian Alvares hərəyə iki qol vurublar. Digər qola Aleksis Makallister imza atıb.
