“Mançester Yunayted” 16 yaşlı futbolçusu Cey Cey Qabrielin “Real Madrid”ə mümkün keçidi ilə əlaqədar hüquqi mübarizəyə başlamağa hazırdır.
İdman.Biz “Daily Mail”a istinadən xəbər verir ki, İngiltərə klubu başqa bir komandanın gənc futbolçunu ayrılmağa qanunsuz şəkildə sövq etdiyinə dair sübutlar aşkarlanarsa, bütün hüquqi imkanlardan istifadə edəcək.
Məlumata görə, “Mançester Yunayted” Qabrielin klubdan ayrılması ilə bağlı açıqlamasından yalnız sosial şəbəkələrdə yayılan vida videosundan sonra xəbər tutub.
Klub rəhbərliyi sentyabr ayından bəri futbolçunun ailəsi ilə əlaqə yarada bilmir. İngiltərə təmsilçisi gənc oyunçunun vəziyyəti ilə maraqlanmaq üçün dəfələrlə əlaqə qurmağa çalışsa da, cəhdləri nəticəsiz qalıb.
“Mançester Yunayted” hesab edir ki, Qabrielin “Real Madrid”ə keçməsi üçün FIFA-nın razılığı tələb olunur. Klub indiyədək futbolçunun qeydiyyatı ilə bağlı futbol qurumlarından heç bir rəsmi bildiriş almayıb.
Qeyd edək ki, Qabriel noyabrın 17-də sosial şəbəkə hesabında paylaşım edərək “Mançester Yunayted”dən ayrıldığını açıqlayıb. Onun “Real Madrid”lə şifahi razılıq əldə etdiyi bildirilir.
Gənc hücumçu Azərbaycan azarkeşlərinə də yaxşı tanışdır. O, sentyabrın 10-da UEFA Gənclər Liqasında “Sabah”a qarşı keçirilən və İngiltərə klubunun 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə het-trik edib.
