“Brest” səfərdə “Loryan”ı məğlub etdi - meydan sahibləri penaltini də qaçırdılar

3 Noyabr 2026 01:53
90
“Brest” səfərdə “Loryan”ı məğlub etdi - meydan sahibləri penaltini də qaçırdılar

Fransa Liqa 1-in doqquzuncu turunda “Brest” səfərdə “Loryan”ı 2:0 hesabı ilə məğlub edib. Meydan sahibləri görüş ərzində daha çox qol vəziyyəti yaratsalar da, fürsətlərdən yararlana bilməyiblər.

İdman.Biz xəbər verir ki, “Stad dü Mustuar” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. “Loryan” hücumda fəal olsa da, qonaqların müdafiəsini yarmaqda çətinlik çəkib.

Hesab 69-cu dəqiqədə açılıb. “Brest”in hücumçusu Lüdovik Ajorq dəqiq zərbə ilə topu qapının sağ aşağı küncünə göndərib.

Buraxılan qoldan sonra “Loryan” hesabı bərabərləşdirmək üçün irəli atılıb. Lakin meydan sahiblərinin hücumları nəticə verməyib. Əksinə, 90-cı dəqiqədə “Brest” fərqi artırıb. Əvəzetmədən meydana daxil olan Covani Versinin ötürməsini digər ehtiyat oyunçu Noa Edjuma qolla tamamlayıb.

Qarşılaşmanın son anlarında “Loryan” hesab arasındakı fərqi azaltmaq üçün əla fürsət əldə edib. “Brest”in müdafiəçisi Kenni Lalanın qayda pozuntusundan sonra meydan sahiblərinin xeyrinə penalti təyin olunub. Lakin Ayequn Tosin topu qapı dirəyinə vuraraq fürsəti boşa verib.

Bu nəticədən sonra hər iki komandanın aktivində 12 xal var. Turnir cədvəlində 10 və 11-ci yerləri bölüşürlər.

İdman.Biz