“Mançester Yunayted” üçün yeni baş məşqçi namizədləri sadalandı

2 Noyabr 2026 08:28
97
“Mançester Yunayted” üçün yeni baş məşqçi namizədləri sadalandı

İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Maykl Karrik yaxın vaxtlarda vəzifəsindən ayrıla bilər.

İdman.Biz “Football365” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi uğursuz nəticələr səbəbindən mütəxəssislə əməkdaşlığa son qoymaq variantını ciddi şəkildə nəzərdən keçirir.

Transfer eksperti Qrem Beylinin məlumatına görə, Karrikin noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək istefaya göndərilməsi ehtimalı yüksəkdir.

Baş məşqçi postuna əsas namizəd “Nyukasl”ın sabiq çalışdırıcısı Eddi Haudur. İngiltərə klubunun futbol direktoru Ceyson Uilkoksun 48 yaşlı mütəxəssisin təyinatında maraqlı olduğu bildirilir.

“Eddi Hau Ceyson Uilkoksun çox bəyəndiyi mütəxəssisdir. Bu istiqamətdə artıq müəyyən işlər görülüb. Onun təyinatı üçün “Nyukasl”a 3 milyon funt-sterlinq, məşqçilər heyətinə görə isə əlavə 3 milyon ödənilməlidir. Ümumi məbləğ 6 milyon funt-sterlinq təşkil edə bilər”, - deyə Beyli bildirib.

Ekspert digər namizədlərin də adlarını açıqlayıb:

“Yulian Naqelsmannın namizədliyini Kristofer Vivell fəal şəkildə dəstəkləyir. Antonio Kontenin də klub daxilində tərəfdarları var. Onun təcrübəsi və qısa müddətdə komandaya müsbət təsir göstərmək bacarığı yüksək qiymətləndirilir. Bununla belə, hazırda əsas namizəd Eddi Hau olaraq qalır”.

Beyli Kerrikin istefasını qaçılmaz hesab etdiyini vurğulayıb:

“Ceyson Uilkoks istefa verməyəcək, futbolçuların hamısı satılmayacaq. Rəhbərliyin edə biləcəyi əsas dəyişiklik Maykl Karriklə bağlıdır. Mənim fikrimcə və eşitdiklərimə əsasən, o, beynəlxalq fasiləyə qədər “Old Trafford”dan ayrılacaq”.

Qeyd edək ki, “Mançester Yunayted” son beş oyunun dördündə məğlub olub. Komanda əvvəlcə “Bornmut”a 0:3, ardından İngiltərə Premyer Liqasında “Çelsi”yə 0:2 hesabı ilə uduzub.

İdman.Biz