Almaniyanın “Bavariya” futbol komandası İngiltərənin “Arsenal” klubunun kapitanı Martin Edeqoru transfer etməkdə maraqlıdır.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, Münhen təmsilçisi 27 yaşlı norveçli yarımmüdafiəçini heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani yarımmüdafiə xəttində Coşua Kimmix, Camal Musiala, Aleksandar Pavloviç və Lennart Karl kimi futbolçulara güvənir. Bununla belə, klub rəhbərliyi komandanın təcrübəli və yaradıcı yarımmüdafiəçi ilə gücləndirilməsini məqsədəuyğun hesab edir.
Məlumata əsasən, Edeqor da gələcəkdə Almaniya nəhənginin formasını geyinmək imkanına müsbət yanaşır. Norveçli futbolçunun “Bavariya”da daha çox titul qazanmaq şansı görməsi mümkün transferin əsas səbəblərindən biri kimi göstərilir.
Edeqorun “Arsenal”la hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. London təmsilçisi artıq futbolçunun nümayəndələri ilə yeni müqavilə barədə ilkin qeyri-rəsmi danışıqlara başlayıb.
İngiltərə klubu kapitanının müqaviləsinin son ilinə yenilənmə olmadan daxil olmasını istəmir. Tərəflər razılığa gəlməsələr, Edeqorun 2027-ci ilin yayında satışa çıxarılması variantı nəzərdən keçirilə bilər.
“Bavariya”nın isə qış transfer pəncərəsində hərəkətə keçmək niyyəti yoxdur. Münhen təmsilçisi mümkün transferi yayda dəyərləndirməyi planlaşdırır.
