“Mançester Yunayted”in sloveniyalı hücumçusu Benjamin Şeşko ən azı 2027-ci ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacaq.
İdman.Biz “The Athletic” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçunun baldır nahiyəsindəki zədədən tam sağalması üçün daha uzun müddətə ehtiyac duyacağını gözləyir.
Klubun tibbi heyəti Şeşkonun müalicəsinin ən uyğun üsulunu müəyyənləşdirmək üçün mütəxəssislərlə məsləhətləşmələr aparır. Futbolçunun istirahətə müsbət reaksiya verdiyi bildirilsə də, tam sağalması və əvvəlki fiziki formasını bərpa etməsi əlavə vaxt tələb edəcək.
Şeşko sonuncu dəfə sentyabrın 16-da İngiltərə Liqa Kubokunda “Brayton”a qarşı keçirilən və “Mançester Yunayted”in məğlubiyyəti ilə başa çatan görüşdə meydana çıxıb.
Sloveniyalı hücumçunun zədə problemi ötən mövsümdən başlayıb. O, ayağına aldığı zərbədən sonra oynamağa davam etsə də, “Liverpul”la qarşılaşmada zədəsi daha da ağırlaşıb.
“Mançester Yunayted” əvvəlcə cərrahi müdaxilə əvəzinə futbolçunun istirahət etməsinə üstünlük verib. Bu səbəbdən Şeşko mövsümöncəsi hazırlığı buraxıb və yalnız avqustda meydana qayıdıb. Lakin zədə yenidən özünü göstərib.
Klub rəhbərliyi hücumçunun tam sağalmadan meydana çıxmasını istəmir.
Qeyd edək ki, Şeşko ötən mövsüm 12 qol vurub. Cari mövsümdə isə altı qarşılaşmada iki dəfə fərqlənib.
