Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

23 Oktyabr 2026 17:47
104
Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Almaniya çempionatında Frankfurt “Ayntraxt”ına qarşı keçiriləcək oyun ərəfəsində futbolçularının Azərbaycana səfərlə yekunlaşan ardıcıl səfər görüşləri zamanı üzləşdikləri ciddi fiziki yüklənməyə diqqət çəkib.

İdman.Biz “Welt” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis komandasının qarşıdakı rəqiblə müqayisədə daha əlverişsiz vəziyyətdə olduğunu vurğulayıb.

“Biz səfərə çıxmaq məcburiyyətində qalmayan, fiziki cəhətdən daha gümrah rəqibə qarşı oynayacağıq. Biz isə səfərlərdə çox vaxt keçirmişik və sabah yenidən ən yüksək səviyyədə çıxış etmək üçün tez bir zamanda bərpa olunmalıyıq”, - deyə Kovaç bildirib.

Bakıya səfər Dortmund klubunun tarixində məsafə baxımından ən uzun səfər həftəsinin son mərhələsi olub.

“Borussiya”nın rəsmi məlumatına əsasən, futbolçular yeddi gün ərzində hava yolu ilə 11 322 kilometr məsafə qət ediblər. Bu müddətdə komanda Norveçin Budyo şəhərində, Berlində və Bakıda olub, bir neçə dəfə Dortmunda qayıdıb.

Sonuncu sınaq oktyabrın 20-də Bakı Olimpiya Stadionunda “Sabah”a qarşı keçirilən Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunun oyunu olub.

Almaniya komandası çətin keçən qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. Qonaqların hər iki qolunu Seru Girassi vurub, Azərbaycan klubunun heyətində isə Eyden Makkarti fərqlənib.

Həmin görüşdən sonra Kovaç futbolçularının kifayət qədər qol vəziyyəti yaratdıqlarını, lakin onların çoxundan yararlana bilmədiklərini etiraf edib. Bununla belə, baş məşqçi komandasının oyunundan razı qalıb.

“Borussiya”nın qapıçısı Qreqor Kobel də uzunmüddətli uçuşların fəsadlarından danışıb. Onun sözlərinə görə, yorğunluq uğursuz çıxışlara bəraət qazandırmamalıdır, hərçənd davamlı səfərlər və saat qurşaqlarının dəyişməsi futbolçuların fiziki vəziyyətinə ciddi təsir göstərir.

İndi Dortmund təmsilçisini həftə ərzində bu cür yüklənmə ilə üzləşməyən “Ayntraxt”la ev oyunu gözləyir.

Qarşılaşma oktyabrın 24-də Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək.

Kovaç ayaq bağlarının zədəsindən sonra bərpa prosesini davam etdirən yarımmüdafiəçi Konstantinos Karetsasın xidmətindən yenə yararlana bilməyəcək. Baş məşqçi futbolçunun Bremen “Verder”inə qarşı keçiriləcək növbəti kubok oyununu da buraxa biləcəyini istisna etməyib.

Xatırladaq ki, “Ayntraxt”la görüşdən sonra Dortmund təmsilçisini oktyabrın 27-də “Verder”, oktyabrın 31-də isə Münhen “Bavariya”sı ilə oyunlar gözləyir.

İdman.Biz