Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

23 Oktyabr 2026 17:31
121
Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan futbol üzrə Asiya Kuboku-2027-nin taleyi sual altına düşüb. Bölgədəki təhlükəsizlik vəziyyəti turnirin təxirə salınması ehtimalını gündəmə gətirib.

İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, Yaponiya Futbol Assosiasiyasının prezidenti Tsuneyasu Miyamoto Tokioda Asiya Futbol Konfederasiyasının (AFC) növbədənkənar konqresindən sonra jurnalistlərə açıqlama verib.

“Xəbərlərdən öyrəndiklərimə əsasən, vəziyyət hələ də təhlükəsiz deyil. Belə şəraitdə Asiya Kubokunun orada - Səudiyyə Ərəbistanında keçirilməsinin asan olacağını düşünmürəm”, - deyə Miyamoto bildirib.

Yaponiya futbolunun rəhbəri Səudiyyə Ərəbistanı nümayəndələri ilə görüşdüyünü də açıqlayıb:

“Səudiyyə Ərəbistanı tərəfi ilə görüş keçirdim. Onlar əsas prioritetlərinin futbolçuların, azarkeşlərin və turnirdə iştirak edəcək bütün şəxslərin təhlükəsizliyini təmin etmək olduğunu bildirdilər. Turnirin keçirilib-keçirilməyəcəyi barədə qərarı AFC ilə əməkdaşlıq çərçivəsində verəcəklərini söylədilər. Yekun qərarın qəbulunun müəyyən vaxt aparacağını da qeyd etdilər”.

Turnirin gələcəyi ilə bağlı narahatlıq Yəmənin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşməsi fonunda artıb. Təhlükəsizlik problemləri səbəbindən ölkədə keçirilməsi nəzərdə tutulan bir sıra beynəlxalq idman tədbirləri artıq təxirə salınıb və ya ləğv edilib.

AFC prezidenti Salman bin İbrahim Əl-Xəlifə də daha əvvəl vəziyyət tələb edərsə, Asiya Kubokunun 2028-ci ilə keçirilməsinin mümkün olduğunu açıqlayıb.

Bununla belə, turnirin yerli təşkilat komitəsi hazırlıqların təsdiqlənmiş qrafikə uyğun davam etdiyini və yarışın nəzərdə tutulan tarixlərdə keçirilməsi planının qüvvədə qaldığını bildirib.

Qeyd edək ki, Asiya Kuboku-2027-nin yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulur.

İdman.Biz