“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

23 Oktyabr 2026 18:45
112
“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

“Mançester Yunayted” rəhbərliyi komandanın uğursuz çıxışlarına baxmayaraq, baş məşqçi Maykl Karrikə dəstəyini davam etdirmək istəyir.

İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, klubun idman direktoru Ceyson Uilkoks Karriklə yaxşı münasibətlərini qoruyur və onun üzləşdiyi çətinlikləri anlayır.

Uilkoks hesab edir ki, yay transfer pəncərəsində Cim Retkliff və Qleyzerlər ailəsinin müəyyənləşdirdiyi büdcə məhdudiyyətləri, eləcə də son həftələrdə futbolçuların zədələnməsi baş məşqçinin işini çətinləşdirib.

Klub rəhbərliyi son üç ildə üçüncü dəfə baş məşqçi dəyişikliyinə getmək istəmir. “Mançester Yunayted”də bəzi şəxslər komandada artan fikir ayrılıqları fonunda Karrikin nüfuzunun möhkəmləndirilməsini vacib sayırlar.

Rəhbərlik mövcud problemlərin böyük hissəsini meydanda elementar səhvlərə yol verən futbolçularla əlaqələndirir.

Komandaya yaxın şəxslərin fikrincə, oyunçular “Mançester Yunayted”də qarşıya qoyulan vəzifələrin miqyasını dərk etdikdə soyuqqanlılıqlarını itirirlər. Hazırda əsas problemlərdən biri futbolçuların özlərinə inamının azalmasıdır.

İdman.Biz