İtaliyanın “Milan” futbol klubu yarımmüdafiəçisi Aleksis Salemakersin sağ topuq nahiyəsindən əməliyyat olunduğunu açıqlayıb.
İdman.Biz “Sky Italia”ya istinadən xəbər verir ki, belçikalı futbolçunun bərpası dörd-beş ay çəkəcək.
Klubun mətbuat xidmətinin açıqlamasında əməliyyatın uğurla başa çatdığı bildirilib:
“Artroskopik təmizləmə və stabilləşdirmə proseduru uğurla həyata keçirilib”.
“Milan”ın digər futbolçusu Matteo Qabbia da zədə səbəbindən sıradan çıxıb. Onun sol budunun arxa əzələsində zədə və vətərində qismən zədələnmə aşkarlanıb.
Qabbia əlavə tibbi müayinədən keçəcək. Bundan sonra futbolçunun əməliyyata ehtiyacının olub-olmadığı, yaxud konservativ müalicə ilə kifayətlənməyin mümkünlüyü müəyyənləşdiriləcək.
Hər iki halda Qabbianın ən azı üç-dörd ay meydana çıxa bilməyəcəyi gözlənilir.
