“Mançester Siti” ilə bağlı qalmaqalın əsas fiquru polis mühafizəsində qalacaq

9 Oktyabr 2026 23:53
102
“Mançester Siti” ilə bağlı qalmaqalın əsas fiquru polis mühafizəsində qalacaq

Dünya futbolunda genişmiqyaslı ifşalarla tanınan portuqaliyalı haker Rui Pintu dövlət mühafizəsi altında qalmağa davam edəcək.

İdman.Biz “Jornal de Notícias” nəşrinə istinadən xəbər verir ki, Pintunun mühafizə proqramından çıxarılması barədə qərar etibarsız sayılıb. Beləliklə, yeni qərar qəbul edilənədək mövcud təhlükəsizlik tədbirləri qüvvədə qalacaq.

Portuqaliyalı 2020-ci ilin avqustundan dövlət mühafizəsi altındadır. Proqram çərçivəsində onun polis tərəfindən qorunan məxfi ünvanda yaşaması, saxta şəxsi məlumatlarla sənədlərdən istifadə etməsi, pulsuz nəqliyyat və yaşayış müavinəti ilə təmin olunması nəzərdə tutulur.

Pintu futbol klublarının maliyyə fəaliyyəti, transferlər və futbolçuların müqavilələri ilə bağlı məxfi sənədlərin yayımlandığı “Football Leaks” layihəsi sayəsində tanınıb.

Onun əldə etdiyi materiallar, xüsusilə İngiltərənin “Mançester Siti” klubunun ehtimal olunan maliyyə pozuntuları ilə bağlı araşdırmaya əsas olub.

Bununla yanaşı, hakerin özü də dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. 2023-cü ilin sentyabrında Portuqaliya məhkəməsi “Football Leaks” işi üzrə onu şərti olaraq dörd il müddətinə azadlıqdan məhrum edib.

Həmin ilin noyabrında isə Pintu Fransada PSJ klubunun elektron poçtuna qanunsuz giriş əldə etdiyinə görə daha altı ay şərti həbs cəzasına məhkum olunub.

İdman.Biz