“Barselona”nın sabiq futbolçusu Pedro Rodriqes 39 yaşında peşəkar karyerasını başa vurub.
İdman.Biz xəbər verir ki, bu gün “Spotify Kamp Nou” stadionunda ispaniyalı futbolçu üçün vida mərasimi təşkil olunub. Tədbirdə klub prezidenti Joan Laporta, Xavi Ernandes, Karles Puyol və Serxio Buskets iştirak ediblər.
Laporta gələcəkdə Pedronun “Barselona”ya başqa vəzifədə qayıda biləcəyini istisna etməyib:
“Düşünürəm ki, klubun tarixində iz qoymuş şəxsləri geri qaytarmaq vacibdir”.
Xavi isə “Barselona”nın baş məşqçisi olduğu dövrdə Pedronu komandaya qaytarmaq istədiyini, lakin transferin baş tutmadığını açıqlayıb. Pedro da klubda 100-cü qolunu vurmaq üçün geri dönmək istədiyini xatırladıb.
Xavi keçmiş komanda yoldaşını təvazökar və layiq olduğu dəyəri görməyən futbolçu kimi xarakterizə edib. O, Pedronun meydandakı ağıllı hərəkətlərini və zəhmətkeşliyini xüsusi vurğulayıb. Puyol və Buskets də onun hər zaman komandanın maraqlarını üstün tutduğunu qeyd ediblər.
Qeyd edək ki, Pedro “Barselona”nın heyətində 321 oyunda 99 qol vurub və üç dəfə Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində “Çelsi”, “Roma” və “Latsio”nun da formasını geyinib.
