“Real Madrid”in baş məşqçisi Joze Mourinyo zədəli futbolçu Kilian Mbappenin Parisdə gecə klubunda görünməsi və İsveçrədə velosiped sürməsi ətrafında yaranan müzakirələrə münasibət bildirib.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçunun hərəkətlərinin yanlış təqdim olunduğunu bildirib.
“Mbappe zədədən sonra bura gəldi və ona diaqnoz qoyuldu. Dizindəki zədənin nəzərə alınmalı olan müəyyən tarixçəsi olduğuna görə əlavə tibbi müayinədən keçdi. Hər iki müayinənin nəticəsi tamamilə üst-üstə düşdü. Onun üçün bərpa planı hazırlanıb və bunun təfərrüatlarını bilməyinizə ehtiyac yoxdur.
Bundan sonra isə problem axtarmağa başladılar. Sanki son bir neçə həftədə futbolda kifayət qədər real problem yaşanmayıb və insanlar fəal şəkildə yeni problemlər axtarırlar.
Əvvəlcə gecə klubu məsələsi ortaya çıxdı. Halbuki bu, gecə klubu deyil, Paris Moda Həftəsi çərçivəsində keçirilən özəl tədbirin məkanı idi. Daha sonra İsveçrədə velosiped sürməsi gündəmə gəldi. O, kiçik kotteclərdən ibarət otelin ərazisində velosiped sürüb. Velosipedlər sadəcə sakit otelin ümumi ərazisində hərəkət etmək üçün nəzərdə tutulmuşdu. Amma məsələ elə təqdim edildi ki, sanki Mbappe “İsveçrə turu” velosiped yarışında iştirak edib”, - deyə Mourinyo mətbuat konfransında bildirib.
