İnfantinonun FIFA prezidentliyinə əsas rəqiblərindən biri seçkiyə qatılmayacaq

9 Oktyabr 2026 03:34
99
İnfantinonun FIFA prezidentliyinə əsas rəqiblərindən biri seçkiyə qatılmayacaq

FIFA prezidenti Canni İnfantinonun növbəti müddətə seçilmək şansı artıb. Onun potensial rəqiblərindən biri hesab edilən KONKAKAF prezidenti Viktor Montalyani seçkidə iştirak etməmək qərarına gəlib.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, 61 yaşlı kanadalı funksioner Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi futboluna rəhbərlik edən konfederasiyanın prezidenti vəzifəsində qalmaq niyyətindədir.

Məlumata görə, Montalyan həmkarlarına KONKAKAF rəhbəri kimi sonuncu müddətə namizədliyini irəli sürəcəyini bildirib. Bununla da o, martda keçiriləcək FIFA prezident seçkisində İnfantinoya rəqib olmayacaq.

Qeyd edək ki, 56 yaşlı İnfantino dördüncü müddətə namizədliyini irəli sürəcəyini artıq təsdiqləyib. Onun dünya çempionatındakı payların özəl investorlara satılması ilə bağlı planı beynəlxalq etirazlara səbəb olmuşdu. Daha sonra FIFA rəhbəri bu təşəbbüsdən imtina edib.

İnfantinonun rəhbərliyinə qarşı çıxan UEFA isə noyabrın 17-dək vahid namizəd müəyyənləşdirməlidir.

Bu arada UEFA prezidenti Aleksandr Çeferin də dördüncü müddətə seçilmək niyyətini açıqlayıb. Sloveniyalı funksioner bu qərarını Berlində 55 milli assosiasiyanın rəhbərləri ilə keçirilən görüşdə elan edib.

O, daha əvvəl İnfantinoya qarşı FIFA prezidentliyinə namizəd olmayacağını açıqlayıb. Bununla belə, UEFA rəhbəri mart seçkisində dünya futbolunu birləşdirə biləcək namizədin müəyyənləşdirilməsinə çalışır.

Berlindəki toplantıda UEFA və ona üzv 54 milli assosiasiya FIFA-da islahatların aparılması ilə bağlı ümumi mövqeyə razılıq verib. Azərbaycan isə bu təşəbbüsə qoşulmayan yeganə üzv olub.

UEFA dünya futbolunun idarəçiliyində dəyişiklikləri nəzərdə tutan 14 bəndlik islahat planı təqdim edib.

Sənəddə FIFA prezidentinin bir sıra birbaşa səlahiyyətlərinin məhdudlaşdırılması, etika və intizam məsələlərinə nəzarət edən qurumların müstəqilliyinin təmin olunması, həmçinin FIFA resurslarından şəxsi və seçki maraqları üçün istifadənin qarşısının alınması təklif edilir.

UEFA, eyni zamanda, FIFA-ya üzv 211 milli assosiasiyanın hər birinə ən azı 10 milyon dollar əlavə maliyyə vəsaitinin ayrılmasını istəyir.

Qurumun bəyanatında FIFA-nın yalnız struktur islahatlarına deyil, yeni rəhbərliyə də ehtiyac duyduğu vurğulanıb.

Hazırda İnfantinoya qarşı seçkidə iştirak edəcəyi təsdiqlənmiş namizəd yoxdur. “Tottenhem”in və İsveçrə millisinin sabiq müdafiəçisi Ramon Veqa namizəd olmaq niyyətini açıqlasa da, onun seçkiyə qatılmaq üçün tələb olunan beş dəstək məktubunu toplayıb - toplamayacağı məlum deyil.

İdman.Biz