PSJ futbol klubu Usman Dembele və Nunu Mendeşə əlavə istirahət vermək qərarına gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qərar baş məşqçi və klubun idman rəhbərliyi ilə razılaşdırılıb.
Hər iki futbolçunun səhhətində problem olmadığı, istirahətin zədə ilə əlaqədar verilmədiyi bildirilib. Dembele və Mendeşin oktyabrın 10-11-də məşqlərə qayıtması nəzərdə tutulub.
Maraqlıdır ki, bu, cari mövsümdə Dembeleyə verilən ikinci əlavə istirahətdir. 29 yaşlı hücumçu avqustun 28-də Liqa 1-in ikinci turunda “Lill”lə səfər matçını (2:2) buraxmış və altı gün komandanın düşərgəsindən kənarda qalmışdı.
Fransalı futbolçunun oktyabrın 10-da “Le-Man”la keçiriləcək çempionat görüşündə də iştirak etməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, Dembele 2026/2027 mövsümündə PSJ-nin heyətində bütün turnirlər üzrə yeddi oyunda iki qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı Mendeş isə beş qarşılaşmada meydana çıxıb.
