Ronaldu Jezuşa təqdim olunan sənədi açıqladı: “Səhv etdim”

6 Oktyabr 2026 23:57
93
Ronaldu Jezuşa təqdim olunan sənədi açıqladı: “Səhv etdim”

Kriştianu Ronaldu və Jorje Jezuş arasında Simao Koutinyonun da iştirakı ilə keçirilən görüşdən sonra razılaşdırılıb ki, baş məşqçi Danimarka - Portuqaliya matçından əvvəlki mətbuat konfransında üçlük arasında əldə olunan razılaşmanı açıqlayacaq.

İdman.Biz AS-a istinadən xəbər verir ki, Ronaldu açıqlamasında hücumçunun təsdiqlədiyi və baş məşqçinin toxunmalı olduğu səkkiz bənddən ibarət sənəd hazırlandığını bildirib.

Çərşənbə axşamı yayımladığı geniş bəyanatda Ronaldu Jorje Jezuş və Simao Koutinyonun iştirakı ilə keçirilən görüşdə baş məşqçinin mətbuat konfransında üçtərəfli söhbətdə razılaşdırılanları deyəcəyinin planlaşdırıldığını bildirib.

“Norveçlə oyundan 48 saat sonra mən, baş məşqçi və avqust ayında söhbətlərimizdə bizi müşayiət edən Simao Koutinyonun iştirakı ilə görüş keçirdik. Bu, çox açıq, dərin və heç bir filtrin olmadığı söhbət idi. Razılaşdıq ki, bu “məsələni” bağlamağın yeganə yolu baş məşqçinin Simao Koutinyonun iştirakı ilə mənə təkbətək dediklərini mətbuat zalında təkrarlaması idi.

Razılaşma sadə idi: baş məşqçi mətbuat konfransına bu mövzu ilə başlayacaq və həqiqəti danışaraq məsələni bağlamağa çalışacaqdı. O bildirəcəkdi ki, mən heç vaxt müəyyən dəqiqə oynamaq tələb etməmişəm, bu toplanış üçün planı mənə başqası yox, məhz baş məşqçi özü təklif edib və məni isinmə hərəkətlərinə çıxarıb sonra meydana buraxmamaq səhv olub. Əgər bu yenidən təkrarlansaydı, o belə etməzdi.

Biz görüşü baş məşqçinin məndən sarılmağımı istəməsi ilə bitirdik. O, mənə dediklərini mətbuat konfransında söyləyəcəyinə və məsələnin geridə qalacağına söz verdi. Mən Danimarkada oynamayacaq, “Draqao”dakı matçda isə oynayacaqdım. Bütün bunlar həmişə Simao Koutinyonun iştirakı ilə baş verirdi.

Baş məşqçinin xahişi ilə daha sonra onun özü, Simao Koutinyo və Tyaqo Kraveiro arasında videokonfrans keçirildi və danışdıqlarımızın xülasəsi hazırlandı”, – deyə Ronaldu vurğulayıb.

“Baş məşqçinin xahişi ilə mənim təsdiqlədiyim və mənim məlumatım daxilində ona təqdim olunan kiçik bir sənəd hazırlandı. Mətbuat konfransı isə hər kəsə məlumdur: baş məşqçinin davranışının bizim görüşümüzlə heç bir əlaqəsi yox idi. Mən layiq olmadığımı düşündüyüm ifadələri, aqressiyanı eşitdim və bir gün əvvəl təkbətək söhbətdə mənə heç vaxt göstərmədiyi, hətta yaxın belə buraxmadığı “istəyirəm, bacarıram və əmr edirəm” tərzində bir mövqe gördüm”, - deyə Ronaldu davam edib.

“Təsdiqlədiyim qeydlər aşağıdakılardan ibarət idi:

Danimarka haqqında danışmazdan əvvəl bir neçə məsələyə aydınlıq gətirməyi, həm də bunun həqiqət olduğunu nəzərə alaraq vacib hesab edirəm: bu mövsüm milli komandada Kriştianu üçün planı başqası yox, məhz mən özüm təklif etmişəm. Bu, uzun və çox yaxşı bir söhbət idi.

Bilirəm ki, o, Milli Komanda ilə necə nəfəs alır və onu necə sevir, dünyada necə bir çəkiyə malikdir və 24 il ərzində ardıcıl olaraq yığmada necə müsbət təsirə və rola sahib olub.

Ronalduya təklif etdiyim plan qəbul olunmuşdu.

O, heç vaxt mənim qərarlarımı şübhə altına almayıb. O, nümunəvi, sadiq və peşəkar futbolçudur.

Onun üçün hazırladığım plana Norveçlə matç daxil deyildi. Lakin hiss etdim ki, o, ilk oyundan sonra fiziki olaraq bərpa olunub və Kriştianuya onu meydana buraxmaq məcburiyyətində qala biləcəyimi bildirdim. Kriştianu razılaşdı.

Pele və ya Maradona miqyasında bir insanı isinmə hərəkətlərinə çıxarıb sonra meydana buraxmamaqla səhvə yol verdim. Əgər bu gün olsaydı, belə etməzdim.

Mövzunu bağlamaq üçün: Mən Kriştianunu milli komandada görmək istəyirəm. Həm də çox istəyirəm. Xoşbəxtlikdən, o da mənə inanır. “Əl-Nəsr”də inanmışdı, burada da inanır.

Azarkeşləri salamlamaması barədə. Biz bu haqda artıq danışmışıq. Milli komandada 230-dan çox matç keçirmiş bir insan məndən Portuqaliyaya sevgi dərsləri almır. Bu, heç nəyi silməyən məyusluq anı idi. O, ən çox avtoqraf verən, ən çox selfi çəkdirən, azarkeşlərə ən çox diqqət göstərən oyunçudur. Olmayan yerdən problemlər uydurmayaq. Narazı qaldıqda reaksiya veririk. Bu qədər”.

Bu qeydlərin heç birində baş məşqçinin məndən üzr istəməsi belə tələb olunmurdu. Bu, onun mənə verdiyi sözə ikinci dəfə əməl etməməsi idi”, – deyə Kriştianu Ronaldu qeyd edib.

İdman.Biz