Andre Villas-Boaşdan Ronaldu və baş məşqçi ilə bağlı diqqətçəkən açıqlama

4 Oktyabr 2026 01:58
101
Andre Villas-Boaşdan Ronaldu və baş məşqçi ilə bağlı diqqətçəkən açıqlama

“Portu” klubunun prezidenti Andre Villas-Boaş Kriştianu Ronaldunun Portuqaliya millisindəki vəziyyəti ilə bağlı fikirlərini açıqlayıb.

İdman.Biz “O Jogo” nəşrinə istinadən xəbər verir ki, funksioner yaranmış vəziyyətdə baş məşqçinin qərarlarının əsas götürülməli olduğunu vurğulayıb. Bununla belə, o, Ronaldunun möhtəşəm karyerasını belə başa vurmamalı olduğunu bildirib.

“Düşünürəm ki, baş verənlərə görə heç bir portuqaliyalı laqeyd qalmayıb. Əvvəla, hesab edirəm ki, məşqçinin qərarları, onların nə dərəcədə əsaslandırılmasından asılı olmayaraq, yekundur.

Əlbəttə, Kriştianu Ronaldu kimi miqyaslı oyunçu ölkəsi və milli komandası üçün etdiklərini nəzərə alaraq, karyerasını belə bir sonluqla bitirməməlidir. Ümid edirəm ki, Portuqaliya Futbol Federasiyasının rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolu tapacaq”, - deyə Villas-Boaş vurğulayıb.

Portu”nun prezidenti baş məşqçinin qərarlarına hörmətlə yanaşılmasının vacibliyini də qeyd edib.

“Soyunub-geyinmə otağında son söz həmişə baş məşqçiyə məxsusdur. Onun qərarları qəti olmalıdır. Oyunçu məşqçi qərar verəndə, həmin qərarların onun xeyrinə olub-olmamasından asılı olmayaraq, onlarla razılaşmalıdır. Klublarda da, milli komandalarda da belə olmalıdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, Ronaldu baş məşqçi Jorje Jezuşun münaqişənin olmadığı barədə açıqlamalarına baxmayaraq, Millətlər Liqasının üçüncü turunda Danimarka ilə oyundan (3:2) əvvəl milli komandanın düşərgəsini tərk edib. Portuqaliya mediasında hücumçunun yığmadakı karyerasını başa vurmaq niyyətində olduğu barədə xəbərlər yayılıb. Həmçinin Jezuşun Ronaldu ilə barışıq görüşünə razılıq verdiyi bildirilir.

İdman.Biz