Danimarka millisinin hücumçusu Rasmus Höylund “Globe Soccer”in sosial şəbəkədə onun adından paylaşdığı sitata münasibət bildirib.
İdman.Biz xəbər verir ki, “Globe Soccer” Portuqaliya millisinin qapısına qol vurduqdan sonra Kriştianu Ronaldunun sevincini təkrarlayan Höylundun fotosunu yayımlayıb. Paylaşımda danimarkalı futbolçunun guya Ronaldoya dəstək məqsədilə açıqlama verdiyi qeyd olunub.
Mətndə Höylunda aid edilən sitatda onun belə dediyi iddia edilib:
“Mən sadəcə olaraq Portuqaliya millisinə güclü siqnal göndərmək istəyirdim: əgər onlar Kriştianunu qiymətləndirmirlərsə, dünyada ona heyran olan çoxsaylı insanlar var”.
Höylund isə bu paylaşımı cavabsız qoymayıb. O, rəsmi təsdiqlənmiş hesabından postun altına “Mən bunu deməmişəm” şərhini yazıb.
