“Mançester Siti” futbol klubunun maliyyə qaydalarını pozması ilə bağlı qərarın açıqlanmasından sonra klubun “Etihad” stadionunun yaxınlığında yerləşən nəhəng emblemi vandalizmə məruz qalıb.
İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, naməlum şəxslər “şəhərlilər”in gerbinin üzərinə söyüş tərkibli yazı yazıblar. Hadisə klubun maliyyə işi üzrə müstəqil komissiyanın qərarını açıqlamasından sonra baş verib.
Komissiya “Mançester Siti”ni 2009/10–2017/18 mövsümləri arasında İngiltərə Premyer Liqasının maliyyə qaydalarını ciddi şəkildə pozmaqda təqsirli bilib. Klub həmçinin istintaqla əməkdaşlıqdan imtina ilə bağlı ittihamların əksəriyyəti üzrə də günahkar hesab olunub.
“Mançester Siti” rəhbərliyi qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Apellyasiya üçün son tarix oktyabrın 2-dir.
Kluba tətbiq olunacaq mümkün cəza isə hələ müəyyənləşdirilməyib. Sanksiyalar ayrıca icraat çərçivəsində nəzərdən keçiriləcək.
