Qolovin “Tottenhem” və “Borussiya”dan gələn təkliflərdən danışdı: “Monako” razılaşmadı

29 Sentyabr 2026 00:51
74
Qolovin “Tottenhem” və “Borussiya”dan gələn təkliflərdən danışdı: “Monako” razılaşmadı

“Monako”nun futbolçusu Aleksandr Qolovin “Tottenhem” və Dortmund “Borussiya”sına keçidi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Qolovin “RB Sport”a açıqlamasında üç-dörd il əvvəl hər iki klubdan təklif aldığını, lakin “Monako”nun transfer məbləğindən razı qalmadığını bildirib.

“Borussiya” və “Tottenhem”dən təkliflər var idi. Bu, üç-dörd il əvvəl baş verib. “Tottenhem” sanksiyalardan əvvəl, “Borussiya” isə, məncə, bir qədər sonra maraq göstərmişdi. “Monako”nu transfer məbləği qane etmədi.

Mən də mütləq “Tottenhem”ə və ya “Borussiya”ya keçmək istəmirdim. Yaxşı klublardır, başqa liqanı sınamaq maraqlı olardı, amma keçmək üçün çox böyük istəyim yox idi. Əgər harasa gedəsi olsam, hansısa superkluba keçərəm – onda hə”, – deyə Qolovin bildirib.

Futbolçunun sözlərinə görə, “Tottenhem” və “Borussiya” ilə yanaşı, “Nyukasl” da onun üçün real variantlardan biri olub.

“Belə bir variant olmayıb ki, hər şey yalnız mənim qərarımdan asılı olsun. “Tottenhem” və “Borussiya” ən real variantlar idi. Bir də, məncə, “Nyukasl” var idi”, – deyə Qolovin əlavə edib.

30 yaşlı futbolçu 2018-ci ildən “Monako”da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

İdman.Biz