“Fənərbağça”nın transfer qadağasına səbəb olan rəqəm açıqlandı

27 Sentyabr 2026 13:04
84
“Fənərbağça”nın transfer qadağasına səbəb olan rəqəm açıqlandı

Türkiyənin “Fənərbağça” futbol klubu FIFA tərəfindən üç transfer dövrü müddətinə transfer qadağası ilə üzləşib.

İdman.Biz “Sporx”ə istinadən xəbər verir ki, sanksiyaya Yussef En-Nesyrinin transferinə görə “Sevilya”ya vaxtında ödənilməyən 2 milyon 950 min avro (5.8 milyon AZN) səbəb olub. Məbləğ aprelin 30-dək ödənilməli idi.

İspaniya klubu gecikmədən sonra FIFA-ya müraciət edib. “Sevilya” yalnız ödənilməyən hissəni deyil, oktyabrın 31-də vaxtı çatacaq son ödənişin də verilməsini tələb edib. FIFA bu tələbi qəbul edib və “Fənərbağça”nın transfer qeydiyyatını üç dövr üçün bağlayıb.

Mənbənin məlumatına görə, Aziz Yıldırım rəhbərliyi vəzifəyə gəldikdən sonra gecikmiş borcu bağlayıb, lakin vaxtı hələ çatmayan son ödənişi əvvəlcədən ödəmək istəməyib. Klub rəhbərliyi yaranmış problemi aradan qaldırmaq üçün son 2 milyon 950 min avronu bazar ertəsi “Sevilya”ya ödəməyi və bank sənədlərini FIFA-ya təqdim etməyi planlaşdırır. Bundan sonra transfer qadağasının götürüləcəyi gözlənilir.

En-Nesyri 2024-cü ildə “Sevilya”dan “Fənərbağça”ya 19,5 milyon avroya transfer olunub. Razılaşmaya əsasən, transfer məbləği səkkiz taksitlə ödənilməli idi.

İdman.Biz