Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla qarşılaşmadan əvvəl komandasının hazırlığı barədə danışıb.
İdman.Biz xəbər verir ki, Yankauskas Azərbaycan yığmasının Lixtenşteyndən daha güclü və texnikalı komanda olduğunu bildirib.
“Qarşıdakı oyunda bizdən daha çox güc və sürət tələb olunacaq. Azərbaycan əvvəlki rəqibimizdən daha güclü və texnikalıdır. Onların heyətində beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında oynayan futbolçular var. Buna görə də daha yüksək səviyyəli rəqiblə qarşılaşacağıq”, - deyə mütəxəssis bildirib.
Litva millisinin çalışdırıcısı heyətdə müəyyən dəyişikliklərin olacağını da açıqlayıb. Onun sözlərinə görə, Piyus Şirvis zədə səbəbindən bu toplanışın qalan oyunlarında iştirak edə bilməyəcək.
Yankauskas Azərbaycan millisinin sürətli hücumlar və standart vəziyyətlər zamanı təhlükə yaratdığını bildirib. O, komandasının topu qazandıqdan sonra rəqib müdafiəsinin təşkilatlanmasına imkan vermədən hücuma keçməli olduğunu vurğulayıb.
“Topu əldə etdikdən sonra mümkün qədər sürətli hücuma keçmək lazımdır. Rəqib həmin anda müdafiədə tam təşkilatlanmış olmur. Biz də üstün tərəflərimizdən daha yaxşı yararlanmağa çalışacağıq. Bununla yanaşı, hücum zamanı müdafiəni də unutmaq olmaz”, - deyə Yankauskas qeyd edib.
Baş məşqçi “Sabah”ın çalışdırıcısı Valdas Dambrauskasla Azərbaycanla oyun öncəsi əlaqə saxlamadığını da söyləyib. O, Bakıya səfər zamanı həmyerlisi ilə görüşə biləcəyini istisna etməyib.
“Onun komandası ilə qazandığı tarixi uğura görə çox sevinirik. Azərbaycanda olarkən görüşmək və fikir mübadiləsi aparmaq üçün vaxt tapacağımıza inanıram. Hazırda isə rəqiblə bağlı topladığımız məlumatlara güvənirik və kifayət qədər informasiyaya sahibik”, - deyə litvalı mütəxəssis bildirib.
Yankauskas hazırda diqqətlərinin yalnız qarşıdakı görüşdə olduğunu və Bakıdakı cavab matçı barədə düşünmədiklərini əlavə edib.
“Bir neçə gün ərzində komandanı fərqli ssenarilərə hazırlamaq mümkün deyil. Hər oyuna ən vacib qarşılaşma kimi yanaşırıq. İndi bütün diqqətimiz bazar günü keçiriləcək matçdadır”, - deyə o sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, Litva - Azərbaycan oyunu bu gün Kaunasın “Dariaus ir Girėno” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
