UEFA Millətlər Liqasının 2026/27 mövsümündə birinci turun son qarşılaşmaları bu gün keçiriləcək.
İdman.Biz xəbər verir ki, sentyabrın 26-da A, B və C liqalarında ümumilikdə 10 oyun baş tutacaq. Günün əsas diqqəti A Liqasının 3-cü qrupuna yönələcək. Burada İngiltərə İspaniyanı, Çexiya isə Xorvatiyanı qəbul edəcək. B Liqasında iki, C Liqasında isə altı qarşılaşma oynanılacaq.
İngiltərə – İspaniya
Günün ən böyük afişası Londonda olacaq. İngiltərə və İspaniya son illərin ən prinsipial rəqiblərindən birinə çevrilib. Komandaların yadda qalan son böyük qarşılaşmalarından biri AVRO-2024-ün finalıdır. Berlində keçirilən həmin görüşdə İspaniya 2:1 hesabı ilə qalib gələrək Avropa çempionu olmuşdu.
İngiltərə ötən Millətlər Liqasında B Liqasının qrup qalibi kimi yenidən A Liqasına qayıdıb. İspaniya isə turnirin son qalibinə çox yaxın olsa da, 2025-ci ilin finalında Portuqaliyaya penaltilər seriyasında uduzub.
Statistika da maraqlı rəqabətdən xəbər verir: XXI əsrdə tərəflər 10 dəfə qarşılaşıb, bunlardan altısında İspaniya, üçündə İngiltərə qalib gəlib.
İngiltərədə əsas diqqət yenə Harri Keyn və Cud Bellinqemə yönələcək. Keyn Bundesliqada 100 qol həddinə ən tez çatan futbolçu olub, Bellinqem isə "Real"da Joze Mourinyonun rəhbərliyi altında La Liqanın ilk yeddi oyununda üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniyada Ferran Torres yaxşı formadadır. PSJ-nin hücumçusu Çempionlar Liqasında yeni klubu ilə ilk matçında het-trik edib.
Çexiya – Xorvatiya
A Liqasının 3-cü qrupundakı digər qarşılaşma Praqada keçiriləcək.
Hər iki komanda turnirə yeni baş məşqçi ilə başlayır. Çexiyanı Santi Denia, Xorvatiyanı isə Slaven Biliç çalışdıracaq. Biliç bununla da 2006-2012-ci illərdən sonra Xorvatiya millisinin sükanı arxasına qayıdıb.
Tərəflər DÇ-2026-nın seçmə mərhələsində də görüşüblər. Xorvatiya evdə 5:1 hesabı ilə qalib gəlib, Praqadakı qarşılaşmada isə qapılara qol vurulmayıb.
Xorvatların heyətində Luka Modriç yenə əsas simalardan biridir. Martin Baturina isə klub səviyyəsində mövsümə yaxşı başlayıb. Çexiya ötən Millətlər Liqasında B Liqasının qalibi olaraq elitaya yüksəlib.
Sloveniya – Şotlandiya
B Liqasının 1-ci qrupunda mübarizə Lyublyanada başlayacaq.
Şotlandiya ötən mövsüm A Liqasından aşağı düşdükdən sonra elitaya qayıtmağa çalışacaq. Komanda DÇ-2026-dakı uğursuz çıxışdan sonra yeni mərhələyə qədəm qoyur. Sebastyen Pokonyoli Şotlandiya millisinin baş məşqçisi kimi ilk oyununa çıxacaq.
Sloveniyanın ciddi itkisi var. Benjamin Şeşko zədədən bərpa olunduğu üçün heyətdən çıxarılıb. Hücum xəttində əsas yükün Andraj Şporarın üzərinə düşəcəyi gözlənilir.
Şotlandiya Sloveniya ilə son beş qarşılaşmada məğlub olmayıb – iki qələbə və üç heç-heçə.
Şimali Makedoniya – İsveçrə
Şimali Makedoniya ötən Millətlər Liqasında C Liqasından yüksəlib və indi daha yüksək səviyyədə özünü sınayacaq. İsveçrə isə A Liqasından düşdükdən sonra geri qayıtmaq niyyətindədir.
İsveçrəlilər DÇ-2026-da 1/4 finala qədər irəliləməklə B Liqasının hazırkı iştirakçıları arasında mundialda ən yaxşı nəticəni göstərən komanda olub. Johan Manzambi turnirdə dörd oyuna üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qonaqların heyətində itkilər də var. Ruben Varqas, Silvan Vidmer və daha bir neçə futbolçunun zədə səbəbindən meydana çıxması gözlənilmir.
Farer adaları – Qazaxıstan: Pokatilov üçün xüsusi oyun
Bu görüş Azərbaycan futbolu baxımından günün ən maraqlı qarşılaşmalarından biridir.
"SABAH"ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin yekun heyətinə daxil edilib. Baş məşqçi Con van 't Şip sentyabr-oktyabr oyunları üçün dörd qapıçı çağırıb və onların arasında Bakı klubunun 33 yaşlı qolkiperi də var.
Beləliklə, Pokatilov bu gün Farer adaları ilə matçda meydana çıxmaq şansı qazanacaq.
Qazaxıstanı asan səfər gözləmir. Farer adaları son dövrdə nəticələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. Komanda 2025-ci ilin sentyabrından keçirdiyi doqquz görüşün altısında qalib gəlib və DÇ-2026-nın seçmə mərhələsində Çexiyanı da 2:1 hesabı ilə məğlub edib.
Qazaxıstan millisində Dastan Satpayev zədəli, İslam Çesnokov isə cəzalıdır.
Slovakiya – Moldova: "Neftçi"nin hücumçusu da millidə
Azərbaycan Premyer Liqasının daha bir təmsilçisi Slovakiya – Moldova görüşündə iştirak edə bilər.
"Neftçi"nin hücumçusu Lyubomir Tupta Slovakiya milli komandasına dəvət olunub. 28 yaşlı futbolçu yayda Bakı klubuna keçib və hər iki cinahda da oynaya bilir. Tupta Slovakiya millisində 2023-cü ildə debüt edib.
Beləliklə, bu gün Millətlər Liqasında Azərbaycan çempionatını təmsil edən iki legioner – "SABAH"dan Stas Pokatilov və "Neftçi"dən Lyubomir Tupta – öz yığmalarının heyətində yer alırlar.
Slovakiya DÇ-2026-ya vəsiqəyə çox yaxın olsa da, pley-offda Kosovoya 3:4 hesabı ilə uduzub. Bundan sonra baş məşqçi dəyişikliyi baş verib və Vladimir Vays 14 ildən sonra yenidən millinin sükanı arxasına keçib.
Moldova isə ötən mövsüm D Liqasından C Liqasına yüksəlib.
İslandiya – Estoniya
C Liqasının 4-cü qrupunda İslandiya doğma meydanda Estoniyanı qəbul edəcək.
İslandiya əvvəlki Millətlər Liqasında B Liqasında mübarizə aparsa da, pley-offda Kosovoya uduzaraq C Liqasına düşüb. Komanda buna görə yeni turnirə yenidən yüksəlmək məqsədi ilə başlayır.
Estoniya isə ilk oyuna bir sıra itkilərlə çıxır. Rauno Sappinen, Vlasiy Sinyavski, Vladislav Kreyda və daha bir neçə futbolçu bu toplanışda iştirak etmir. Rokko Robert Şeyn də milliyə qoşulmamağı xahiş edib.
Bolqarıstan – Lüksemburq
Bolqarıstan ötən Millətlər Liqasında öz qrupunu ikinci pillədə başa vuraraq B Liqasına yüksəlmək üçün pley-offa vəsiqə qazanmışdı. Lakin İrlandiya ilə hər iki qarşılaşmada 1:2 hesabı ilə məğlub olaraq C Liqasında qaldı.
Lüksemburq da son illərdə Avropanın "kiçik" futbol ölkəsi statusundan çıxmağa çalışan komandalardan biridir. Bu səbəbdən Plovdivdə keçiriləcək qarşılaşma 4-cü qrupda qüvvələr nisbətini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Albaniya – Belarus
Albaniya ötən mövsüm B Liqasından aşağı düşsə də, daha sonra DÇ-2026-nın seçmə mərhələsində yaxşı təsir bağışlayıb. Komanda Serbiyanı qabaqlayaraq qrupda ikinci yeri tutub, lakin mundiala vəsiqə uğrunda pley-offun finalında Polşaya 1:2 hesabı ilə uduzub.
Albaniyada baş məşqçi də dəyişib. Silvinyo ilə yollar ayrıldıqdan sonra komanda italiyalı Rolando Marana tapşırılıb.
C Liqasının 1-ci qrupunda Albaniya və Belarusla yanaşı Finlandiya və San-Marino da mübarizə aparır.
San-Marino – Finlandiya
San-Marino Millətlər Liqasının yaratdığı ən maraqlı futbol hekayələrindən birinin müəllifidir. Komanda əvvəlki turnirdə tarixində ilk iki rəsmi qələbəsini qazanaraq D Liqasından C Liqasına yüksəlib.
İndi San-Marino tarixində ilk dəfə C Liqasında mübarizə aparacaq.
Finlandiya isə əks istiqamətdə hərəkət edib – komanda ötən turnirdə B Liqasından C Liqasına düşüb. Hücum xəttində əsas ümidlərdən biri Joel Pohyanpalodur.
Bu günün bütün oyunları
17:00 – Sloveniya – Şotlandiya
20:00 – San-Marino – Finlandiya
20:00 – Farer adaları – Qazaxıstan
20:00 – Bolqarıstan – Lüksemburq
20:00 – İslandiya – Estoniya
22:45 – İngiltərə – İspaniya
22:45 – Çexiya – Xorvatiya
22:45 – Şimali Makedoniya – İsveçrə
22:45 – Albaniya – Belarus
22:45 – Slovakiya – Moldova
Dünən – 25 sentyabr
Gürcüstan – Şimali İrlandiya – 0:1
Ermənistan – Latviya – 2:0
İtaliya – Belçika – 0:2
Türkiyə – Fransa – 0:1
Macarıstan – Ukrayna – 0:1
Polşa – Bosniya və Herseqovina – 0:0
İsveç – Rumıniya – 2:1
Monteneqro – Kipr – 2:1
24 sentyabr
Andorra – Malta – 1:2
Niderland – Almaniya – 1:1
Serbiya – Yunanıstan – 1:2
Norveç – Danimarka – 3:2
Portuqaliya – Uels – 1:0
Avstriya – İsrail – 3:1
Kosovo – İrlandiya – 1:0
Lixtenşteyn – Litva – 0:2
