Futbol üzrə Fransa millisinin baş məşqçisi Zinəddin Zidan yığmanın sükanı arxasında ilk rəsmi oyununa çıxmağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, 54 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının A divizionunda Türkiyə ilə səfər matçı öncəsi debüt həyəcanından danışıb.
“Futbolçu kimi ilk oyunumdan əvvəlkindən də güclü emosiyalar keçirirəm. İndi Fransa millisinin baş məşqçisi kimi burada olduğum üçün böyük hisslər yaşayıram”, - deyə Zidan bildirib.
1998-ci il dünya çempionu iyulda Fransa millisində Didye Deşamı əvəzləyib. Deşam yığmanı 14 il çalışdırdıqdan sonra postundan ayrılıb. Zidan isə məşqçilik karyerasında daha əvvəl “Real Madrid”ə rəhbərlik edib.
Fransalı mütəxəssis komandanın kapitanı Kilian Mbappenin vəziyyəti ilə bağlı da müsbət xəbər verib. Həftənin əvvəlində xəstəlik səbəbindən problem yaşayan hücumçu artıq məhdudiyyətsiz məşq edir.
Türkiyə - Fransa qarşılaşması “Kocaelispor”un stadionunda keçiriləcək. Fransa bu matçdan sonra bazar ertəsi Brüsseldə Belçika ilə üz-üzə gələcək.
