UEFA Millətlər Liqasının yeni mövsümü bu gün səkkiz qarşılaşma ilə start götürür. Gecənin əsas hadisəsi Amsterdamda baş tutacaq. Niderland Almaniyanı qəbul edəcək və bu görüş təkcə Avropa futbolunun klassik qarşıdurmalarından biri olması ilə maraq doğurmur. Hər iki komanda yeni baş məşqçi ilə yeni mərhələyə başlayır: Niderlandı Xavi Ernandes, Almaniyanı isə Yurgen Klopp meydana çıxaracaq.
İdman.Biz xəbər verir ki, sentyabrın 24-də A, B və D Liqalarında oyunlar keçiriləcək. Niderland – Almaniya qarşılaşması ilə yanaşı, elit divizionda Serbiya – Yunanıstan, Norveç – Danimarka və Portuqaliya – Uels matçları baş tutacaq. Azərbaycanlı azarkeşlər üçün Lixtenşteyn – Litva görüşü də xüsusi maraq kəsb edir. Çünki Azərbaycan millisi Millətlər Liqasındakı mübarizəyə sentyabrın 27-də məhz Litvaya qarşı səfər oyunu ilə başlayacaq.
Günün əsas afişası müəyyən mənada simvolik xarakter daşıyır. Həm Almaniya, həm də Niderland yayda keçirilən dünya çempionatından sonra ciddi dəyişikliklərə əl atıb. Almaniya 1/16 finalda Paraqvaya uduzduqdan sonra Yulian Nagelsmannla yollarını ayırıb və komandanı Kloppa tapşırıb. Niderland isə eyni mərhələdə Mərakeşə məğlub olub. Ronald Kumanın gedişindən sonra federasiya sükanı Xaviyə həvalə edib.
Bu səbəbdən bugünkü qarşılaşma köhnə rəqabətin növbəti seriyasından daha çox, iki yeni futbol layihəsinin ilk ciddi sınağı təsiri bağışlayır.
Klopp işə qeyri-adi üsulla başlayıb. İlk dörd oyun üçün ümumilikdə 44 futbolçu dəvət edən almaniyalı mütəxəssis faktiki olaraq heyəti iki qrupa bölüb. Onlardan 16-sı ilk dəfə milli komandaya çağırılıb. Yeni baş məşqçi qısa müddət ərzində maksimum sayda namizədi görmək, eyni zamanda liderləri həddən artıq yükləməmək niyyətindədir.
İlk qarşılaşmalarda əsas qapıçı funksiyasının Mark-Andre ter Ştegenə həvalə olunacağı gözlənilir. Yoşua Kimmix isə yenidən yarımmüdafiənin mərkəzində oynamaq imkanı qazana bilər. Klopp debütü ərəfəsində sürətli nəticə və ya titul vəd etməkdən imtina edib. Onun əsas məqsədi artıq ilk oyunlardan komandada inkişaf əlamətlərinin görünməsidir.
Xavinin Niderland millisində başladığı yenidənqurma da az maraqlı deyil. Onun ilk siyahısında milli komandanın tarixinin ən məhsuldar futbolçusu Memfis Depaya yer tapılmayıb. Bununla belə, Vircil van Deyk kapitan sarğısını qoruyub.
Yeni baş məşqçi Niderland millisinin daha intensiv futbol oynamasını, təşəbbüsü özü ələ almasını və rəqibə uyğunlaşmaq əvəzinə oyunun şərtlərini diktə etməsini istəyir. Hücum xəttində seçim Brayan Brobbi, Kodi Qakpo, Noa Lanq və daha dinamik futbolçuların üzərində qurulub. Brobbi qarşılaşmaya yaxşı formada yaxınlaşır: o, “Sanderlend”in heyətində “Mançester Siti”yə qarşı oyunda het-trik edib.
Bu baxımdan Amsterdamdakı qarşılaşma taktiki cəhətdən də xüsusi maraq doğurur. Klopp bir neçə məşq ərzində öz futbol fəlsəfəsinin əsas elementlərini – topsuz aqressivliyi, keçidlərin sürətini və vertikal hücumları – milli komandaya aşılamağa çalışacaq.
Xavi isə əksinə, topa daha çox nəzarətə və düzgün mövqe strukturuna üstünlük verəcək. Bununla yanaşı, o da yüksək intensivlik tələb edir. Beləliklə, ilk oyundaca iki fərqli futbol ideyası üz-üzə gələcək. Maraqlı məqam odur ki, bu sistemlərin heç birini tam oturtmaq üçün məşqçilərin kifayət qədər vaxtı olmayıb.
A2 qrupunun tərkibi də Almaniya ilə Niderland üzərində əlavə təzyiq yaradır. Kağız üzərində məhz bu iki komanda qrupun əsas favoritləri təsiri bağışlayır. Lakin Serbiya və Yunanıstan mübarizəni xeyli mürəkkəbləşdirə biləcək potensiala malikdir.
Yunanıstan tarixində ilk dəfə A Liqasında çıxış edəcək. Komanda Şotlandiyaya qarşı pley-off görüşlərində uğur qazanaraq elitaya yüksəlib. Serbiya isə Avstriya ilə qarşıdurmadan qalib ayrılaraq güclülər sırasında yerini qoruyub.
Bu gün həmin komandalar Belqradda üz-üzə gələcəklər. Serbiya millisində diqqətçəkən hadisələrdən biri Duşan Tadiçin iki ildən artıq fasilədən sonra yenidən yığmaya çağırılmasıdır.
Günün daha bir maraqlı qarşılaşması Norveç – Danimarka matçıdır. Skandinaviya derbisi 2011-ci ildən sonra ilk dəfə rəsmi turnirdə keçiriləcək.
Norveç artıq böyük turnirlərə vəsiqə qazana bilməyən istedadlı komanda imicindən uzaqlaşmağa başlayıb. Yayda norveçlilər dünya çempionatında 1/4 finala qədər irəliləyərək tarixlərinin ən yaxşı nəticəsinə imza atıblar.
Martin Edeqor mundialda dörd məhsuldar ötürmə ilə yadda qalıb. Erlinq Holann isə Millətlər Liqasının bütün tarixinin ən yaxşı bombardiri kimi yeni mövsümə başlayır. Onun hesabında turnirdə 19 qol var.
A4 qrupu səhv etmək baxımından bəlkə də turnirin ən təhlükəli qruplarından biridir. Norveç və Danimarka ilə yanaşı, burada Portuqaliya və Uels də yer alıb.
Portuqaliya bu gün Uelsi qəbul edəcək və titulun müdafiəsinə başlayacaq. Pireneylilər 2025-ci ildə Millətlər Liqasını iki dəfə qazanan ilk milli komanda olublar.
Uels isə B Liqasında öz qrupunu qalib başa vuraraq elitaya qayıdıb. Bu komandalar arasında əvvəlki rəsmi oyun AVRO-2016-nın yarımfinalında keçirilib. Həmin vaxt Kriştianu Ronaldu və Naninin qolları Portuqaliyaya 2:0 hesablı qələbə qazandırıb.
Ronaldu hələ də milli komandanın heyətindədir və yığmadakı rekord göstəricilərini daha da yaxşılaşdırmaq imkanına malikdir.
B Liqasında da maraqlı qarşılaşmalar var. Avstriya İsraili, Kosovo isə İrlandiyanı qəbul edəcək.
Kosovo üçün bu, B Liqasında ilk tarixi matç olacaq. Komandanın irlandlar üçün əsas təhlükəsi Vedat Muriqidir. Hücumçu pley-off mərhələsində het-trik etməklə millisinin yüksəlişində böyük rol oynayıb. O, hazırkı milli fasilə öncəsi Türkiyə çempionatında “Fənərbağça”nın heyətində bir oyunda dörd qol vuraraq yüksək formada olduğunu nümayiş etdirib.
Avstriya isə Millətlər Liqasının əvvəlki mövsümündə 14 qol vurub. Turnirdə yalnız iki komanda bundan daha məhsuldar olub.
Azərbaycan nöqteyi-nəzərindən isə axşam Vaduçda keçiriləcək daha az səs-küylü görüşü də diqqətdə saxlamaq lazımdır. Lixtenşteyn və Litva Azərbaycanın da yer aldığı D2 qrupunda mübarizəyə başlayırlar.
Ayxan Abbasovun komandası üçün bu matç qrupdakı hər iki rəqibi öz startından əvvəl izləmək imkanıdır.
Əsas diqqət, təbii ki, Litvaya yönələcək. Azərbaycan sentyabrın 27-də Kaunasda məhz bu komandaya qarşı oynayacaq. Oktyabrın 1-də Lixtenşteyni qəbul edəcək, üç gün sonra isə Litva ilə Bakıda yenidən qarşılaşacaq.
Millimizin məqsədi aydındır – C Liqasına qayıtmaq.
Bu səbəbdən Vaduçdakı qarşılaşma Azərbaycan millisinin məşqçilər korpusuna yaxın rəqib haqqında kifayət qədər faydalı məlumat verə bilər. Litvanın oyun quruluşu, standart vəziyyətlər zamanı davranışı, pressinq modeli və start heyətindəki seçimlər xüsusi diqqətlə izləniləcək.
Maraqlıdır ki, həm Litva, həm də Lixtenşteyn Millətlər Liqasının əvvəlki mövsümündə qələbə qazana bilməyib. Litvalıların əsas məqsədi C Liqasına qayıtmaqdır. Lixtenşteyn üçün isə Azərbaycan və Litvanın mübarizəsinə müdaxilə etmək özü ciddi nəticə sayıla bilər.
Cəmi üç komandanın mübarizə apardığı və hər yığmanın dörd oyun keçirdiyi belə qısa formatda autsayder hesab olunan rəqiblə görüşdə xal itkisi son nəticəyə həlledici təsir göstərə bilər.
D Liqasının digər qarşılaşmasında Andorra Malta ilə üz-üzə gələcək. Bu cütlük arasında da yaxın keçmişdən maraqlı statistika var: Malta Millətlər Liqasının əvvəlki mövsümündə Andorranı hər iki oyunda eyni – 1:0 hesabı ilə məğlub edib.
Beləliklə, Millətlər Liqasının ilk oyun günü bir neçə tam fərqli süjet təqdim edir: Amsterdamda Klopp və Xavinin Avropa klassikasında debütü, Holann və Edeqorun iştirak edəcəyi Skandinaviya derbisi, Portuqaliyanın titulun müdafiəsinə başlaması və Azərbaycan millisinin öz qrupundakı ilk vacib kəşfiyyatı.
24 sentyabrın oyunları, Bakı vaxtı ilə:
Andorra – Malta — 20:00
Niderland – Almaniya — 22:45
Serbiya – Yunanıstan — 22:45
Norveç – Danimarka — 22:45
Portuqaliya – Uels — 22:45
Avstriya – İsrail — 22:45
Kosovo – İrlandiya — 22:45
Lixtenşteyn – Litva — 22:45
