İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Real Madrid”in çalışdırıcısı Joze Mourinyonun hakimliklə bağlı sərt tənqidlərinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, De la Fuente klubların hakimlər tərəfindən bilərəkdən üstün və ya zəif vəziyyətə salındığına inanmadığını deyib. Onun sözlərinə görə, əgər belə bir manipulyasiyanın mövcudluğuna əmin olsaydı, futboldakı fəaliyyətini davam etdirməzdi.
Mourinyo “Atletiko Madrid”ə 1:2 hesablı məğlubiyyətdən sonra baş hakim Migel Anxel Ortis Ariasın beynəlxalq dərəcəyə malik olmamasını və VAR hakimi Daniel Xesus Truxilyonun təyinatını tənqid edib.
De la Fuente “El Larguero”ya açıqlamasında belə deyib:
“Əgər belə bir manipulyasiyanın olduğuna inansaydım, evə getməli olardım. Mənim həyata və idmana yanaşmam bu deyil. Çox oyun uduzmuşam, çox oyun da qazanmışam, amma heç vaxt hər şeyi idarə edən gizli bir qüvvə olduğunu düşünməmişəm”.
İspaniyalı mütəxəssis manipulyasiya iddiası irəli sürən şəxslərin bunu sübutlarla əsaslandırmalı olduğunu vurğulayıb. O, uğursuz nəticələrdən sonra ilk növbədə özünütənqidə üstünlük verilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Madriddəki derbidən sonra “Real Madrid” də hakimliyin matçın nəticəsinə təsir etdiyini bildirən açıqlama yayıb. Mourinyo isə mətbuat konfransına mübahisəli epizodların çap olunmuş fotoları ilə çıxıb.
