“Real Madrid”i qəzəbləndirən müqayisə: Jurnalist üzr istədi

23 Sentyabr 2026 18:13
76
“Real Madrid”i qəzəbləndirən müqayisə: Jurnalist üzr istədi

İspaniyanın “Real Madrid” futbol komandası jurnalist Xuanma Kastanyonun klub televiziyası barədə işlətdiyi ifadələrə sərt reaksiya verib.

İdman.Biz xəbər verir ki, jurnalist “ABC” qəzetində dərc olunan məqaləsində “Real Madrid TV”ni vaxtilə ETA terror təşkilatı ilə əlaqələndirilən “Gara” qəzeti ilə müqayisə edib. Kastanyonun bu ifadəsi Madrid klubunun narazılığına səbəb olub.

“Real Madrid” rəsmi açıqlamasında belə müqayisəni qəbuledilməz və son dərəcə ciddi adlandırıb. Klub bildirib ki, onun rəsmi televiziya kanalının tarixən ETA ilə əlaqələndirilən nəşrlə eyniləşdirilməsi bütün hədləri aşır.

Hadisədən sonra Kastanyo “El Partidazo de COPE” proqramında müqayisəsini geri götürdüyünü və buna görə üzr istədiyini açıqlayıb. Bununla belə, jurnalist “Real Madrid TV”nin fəaliyyətinə dair tənqidi mövqeyini dəyişmədiyini bildirib.

Mübahisəyə səbəb olan yazı “Real Madrid müharibədə” başlığı ilə dərc edilib və əsasən Madrid derbisindən sonra yaşanan hadisələrə həsr olunub.

İdman.Biz