Klopp Almaniya millisində inqilaba hazırlaşır: 57 futbolçuya şans

23 Sentyabr 2026 16:54
84
Klopp Almaniya millisində inqilaba hazırlaşır: 57 futbolçuya şans

Almaniya futbol millisinin baş məşqçisi Yurgen Klopp yığmadakı fəaliyyətinə genişmiqyaslı seçim prosesi ilə başlayıb.

İdman.Biz “BBC Sport”a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis ilk toplanış ərəfəsində milli komandaya namizəd 57 futbolçudan ibarət siyahı hazırlayıb.

Klopp qarşıdakı dörd UEFA Millətlər Liqası matçı üçün demək olar ki, tamamilə fərqli iki heyət müəyyənləşdirib. İlk heyətdə Coşua Kimmix, Kay Haverts və Camal Musiala kimi futbolçular yer alacaq. Almaniya bu heyətlə əvvəlcə səfərdə Niderlandla, daha sonra Yunanıstanla qarşılaşacaq.

İkinci heyətdə isə Florian Virts və Aleksandar Pavloviç kimi futbolçular çıxış edəcəklər. Bu komanda Serbiya və Yunanıstanla oyunlarda meydana çıxacaq. İki heyətin hər ikisinə daxil edilən yeganə futbolçu ehtiyat qapıçı Finn Damen olub.

Klopp Feliks Kaydel, Mika Baur, Bambase Konte, Maks Rozenfelder, Filip Troy və Vitali Yanelt kimi indiyədək əsas millidə ön planda olmayan oyunçulara da şans verməyə qərar verib. Mütəxəssis daha əvvəl gözləmədikləri halda bəzi futbolçuların milli komandaya dəvət alacağını bildirmişdi.

BBC-nin təhlilinə görə, Klopp sələfi Yulian Nagelsmanın daha mürəkkəb taktiki yanaşmasından fərqli olaraq, Almaniyanın oyununu sadələşdirməyə, cinahlardan daha fəal istifadəyə və topa sahib rəqib futbolçuya kollektiv təzyiq göstərilməsinə üstünlük verməyi planlaşdırır.

Qeyd edək ki, Klopp Almaniya millisinin baş məşqçisi vəzifəsinə 2026-cı ilin iyulunda təyin olunub. Onun rəhbərliyi altında yığma ilk oyununu Niderlanda qarşı keçirəcək.

İdman.Biz