Mendi: “Afrika Kubokunu qazanmaq Çempionlar Liqasından 10 dəfə yaxşı idi” - FOTO

22 Sentyabr 2026 16:52
38
Mendi: “Afrika Kubokunu qazanmaq Çempionlar Liqasından 10 dəfə yaxşı idi” - FOTO

Seneqal futbol millisinin sabiq qapıçısı Eduar Mendi milli komanda ilə qazandığı Afrika Millətlər Kubokunu klub səviyyəsindəki uğurlarından üstün tutub.

İdman.Biz xəbər verir ki, 34 yaşlı qolkiper “The Guardian”a müsahibəsində 2022-ci ildə Seneqalla Afrika çempionu olmasını karyerasının ən yaxşı anı adlandırıb.

Mendi həmin uğuru 2021-ci ildə “Çelsi” ilə qazandığı UEFA Çempionlar Liqası titulu ilə müqayisə edib:

“Bu, futbol karyeramın ən yaxşı anı idi. Çempionlar Liqasını qazanmaqdan 10 dəfə yaxşı idi. İndi müqayisə edə bilirəm, çünki Asiya Çempionlar Liqasını da iki dəfə qazanmışam. Klubun üçün titul qazanmaq inanılmazdır, amma ölkən üçün qalib gəlməklə bunu müqayisə etmək olmaz. Xüsusilə də ölkən daha əvvəl heç nə qazanmayıbsa”.

Mendi 2021-ci ildə “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub və həmin turnirdə doqquz oyunda qapısını toxunulmaz saxlayaraq tarixi göstəriciyə imza atıb. Daha sonra o, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə iki dəfə Asiya Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, Mendi ötən həftə 59 oyun keçirdiyi Seneqal millisində karyerasını başa vurduğunu açıqlayıb. Millinin yeni baş məşqçisi Patrik Vieyranın telefon zəngi də onu qərarından döndərməyib.

İdman.Biz