İspaniyanın “Real Madrid” futbol komandası “Mançester Yunayted”in 15 yaşlı istedadı JJ Qabrielin mümkün transferi üzərində işləyir.
İdman.Biz xəbər verir ki, AS nəşrinin məlumatına görə, gənc futbolçu “Mançester Yunayted” rəhbərliyinə klubda qalmaq niyyətində olmadığını bildirib. Buna səbəb onun əsas komandanın baş məşqçisi Maykl Karrikin planlarından kənarda qalması göstərilir. Bundan sonra “Real Madrid” və “Barselona” da daxil olmaqla Avropanın bir sıra nəhəngləri onunla maraqlanmağa başlayıblar.
Qabrielin son saatlarda Barselonada olduğu bildirilir. Bundan əvvəl isə o, “Real Madrid”ə təklif olunub. Madrid klubunun rəhbərliyi əməliyyatın mümkün hüquqi risklərini diqqətlə araşdırır və “Mançester Yunayted”lə də əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib.
Transferin əsas çətinliyi FIFA qaydaları ilə bağlıdır. Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra İngiltərədəki futbolçuların 18 yaşına çatmamış başqa ölkəyə keçidi məhdudlaşdırılır. Lakin JJ Qabrielin İrlandiya mənşəli olması ona Avropa İttifaqı daxilində sərbəst hərəkət imkanından yararlanmaq şansı verə bilər. “Real Madrid” bu məsələni tam hüquqi şəkildə dəqiqləşdirmədən addım atmaq istəmir.
Madrid klubunda bu vəziyyət Martin Edeqorun transferini xatırladır. Norveçli futbolçu da yeniyetmə yaşında ailəsi ilə birlikdə Avropanın müxtəlif klublarını nəzərdən keçirdikdən sonra “Real Madrid”i seçmişdi.
Qeyd edək ki, JJ Qabriel İngiltərə Premyer Liqasının U-18 turnirində mövsümün ən yaxşı futbolçusu seçilib. O, 23 oyunda 23 qol vuraraq hər matça orta hesabla bir qol göstəricisi ilə yadda qalıb. “Bavariya” da futbolçunun ətrafı ilə əlaqə saxlayıb, Almaniya mətbuatında isə onun gələcək ünvanının İspaniya olacağı ehtimal edilir.
