Türkiyənin “Qalatasaray” futbol komandasının yarımmüdafiəçisi İlkay Gündoğanın həyat yoldaşı Sara Gündoğan sosial şəbəkədə azarkeşlərin tənqidlərinə cavab verib.
İdman.Biz xəbər verir ki, İlkay Gündoğan cari mövsümdə cəmi iki oyunda ümumilikdə 11 dəqiqə meydanda olub. Bundan sonra bir azarkeşin futbolçunun niyə az oynadığı ilə bağlı yazısına cavab verən Sara Gündoğan məsuliyyəti Okan Burukun qərarlarında görüb.

“Əgər niyə oynamadığını soruşmaq istəyirsinizsə, bu sualı mənə yox, baş məşqçinizə ünvanlayın. Mən və ailəm “Qalatasaray”ı çox sevirik və bura sevərək gəlmişik. Buna görə xahiş edirəm anlayın ki, mənə və ya uşaqlarıma təhqir yazmağınız heç nəyi dəyişməyəcək”, - deyə Sara Gündoğan bildirib.

O, İlkayın “Qalatasaray”a pul üçün gəldiyi barədə fikirlərə də etiraz edib:
“Pul məsələsini də artıq dayandırın. Bu insan “Qalatasaray”a gəlmək üçün maaşını azaltdı və daha yüksək təklifləri rədd etdi”.

