FIFA futbol federasiyalara xəbərdarlıq göndərdi

20 Sentyabr 2026 14:55
90
FIFA futbol federasiyalara xəbərdarlıq göndərdi

FIFA dünya futbolunda fəaliyyət göstərən arbitraj instansiyalarının müstəqilliyi və ədalətli prosedurların təmin olunması ilə bağlı üzv assosiasiya və federasiyalara rəsmi müraciət edib.

İdman.Biz xəbər verir ki, qurum arbitraj məhkəməsinin müstəqil və düzgün formalaşdırılmış sayılması üçün minimum prosessual tələblərin yerinə yetirilməli olduğunu bildirib. FIFA bu prinsiplərin altı konfederasiyanın hamısında tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Birinci prinsip arbitraj heyətinin formalaşdırılmasında tərəflərin bərabər hüquqa malik olmasıdır. Buna əsasən, hər tərəf bir arbitri təyin edə, həmin iki arbitr isə məhkəmənin sədrini seçə bilər. Tərəflər istəsələr, birgə şəkildə vahid arbitr də müəyyənləşdirə bilərlər.

İkinci tələb məhkəmənin müstəqil və qərəzsiz olmasıdır. Hakimin müstəqilliyi ilə bağlı əsaslı şübhə yarandığı halda onun prosesdən kənarlaşdırılması mümkün olmalıdır.

FIFA üçüncü prinsip kimi ədalətli məhkəmə araşdırmasını göstərib. Hər tərəfə iş üçün əhəmiyyətli bütün faktlarla bağlı mövqeyini bildirmək, hüquqi arqumentlərini təqdim etmək, sübut tələb etmək və prosesdə iştirak etmək hüququ verilməlidir. Tərəflər vəkil və ya digər mütəxəssis tərəfindən təmsil oluna bilərlər.

Dördüncü əsas prinsip tərəflərə bərabər münasibətdir. Arbitraj məhkəməsi eyni xarakterli məsələlərdə hər iki tərəfə eyni qaydada yanaşmalıdır. FIFA üzvlərinin və konfederasiyaların tanıdıqları və ya yaratdıqları arbitraj orqanlarında bu tələblərin icrasını təmin etməli olduqları bildirilib.

İdman.Biz