Türkiyənin “Bursaspor” futbol komandasının hücumçusu Keleçi İheanaço “Batman Petrolspor”la oyundan sonra azarkeşlərin xüsusi münasibəti ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, “Bursaspor” səfərdə hesabda geri düşməsinə baxmayaraq, qarşılaşmanı 2:1 hesabı ilə qazanıb. İheanaço dubla imza ataraq geridönüşün əsas qəhrəmanı olub.
Azərbaycan millisinin futbolçusu Toral Bayramov da bu qarşılaşmada “Bursaspor”un əsas heyətində meydana çıxıb. Müdafiəçi 35-ci dəqiqədə Soner Aydoğdu ilə əvəzlənib.
Matçdan sonra geri dönüş uçuşunda İheanaço təyyarədə azarkeşlər tərəfindən qəhrəman kimi qarşılanıb. Komanda üzvləri də azarkeşlərlə birlikdə nigeriyalı hücumçunun çıxışını alqışlarla qeyd ediblər.
Qeyd edək ki, “Bursaspor” bu qələbə ilə liderlik uğrunda mübarizədə vacib üç xal qazanıb və səkkiz oyundan sonra 16 xalla liderdir.
