Futbol üzrə İtaliya çempionatlarında tarixi göstərici qeydə alınıb.
İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, A Seriyası və B Seriyasında eyni mövsümün ilk dörd turunda heç bir oyun 0:0 hesabı ilə yekunlaşmayıb. Bu, tarixdə ilk dəfə baş verib.
A Seriyasında ilk 40 qarşılaşmada ümumilikdə 121 qol vurulub. Bu da hər oyuna orta hesabla 3,025 qol deməkdir. Təkcə dördüncü turda 10 görüşdə 39 qol qeydə alınıb.
Müqayisə üçün, İngiltərə Premyer Liqasında ilk dörd turda dörd, İspaniya La Liqasında isə üç oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, A Seriyasında ilk 31 oyunda penalti və VAR monitorunda hakim baxışı da qeydə alınmayıb. İtaliya mətbuatı bunu yaydan tətbiq edilən və oyunun daha az dayandırılmasına yönələn hakimlik yanaşması ilə əlaqələndirir.
