Türkiyə futbolunun aşağı yaş və həvəskar kateqoriyalarında iqtisadi problemlər ciddi böhrana çevrilib.
İdman.Biz xəbər verir ki, maliyyə çətinlikləri səbəbindən 34 həvəskar klub yeni mövsümdə liqalarda iştirak etməmək qərarı verib.
Türkiyə Futbol Federasiyası Peşəkarlığa Keçid Liqasında iştirak edəcək klublardan 250 min TL (8800 AZN) iştirak haqqı və əlavə olaraq 750 min TL (26300 AZN) nağd vəsait və ya bank zəmanəti tələb edir.
Klublar isə federasiyanın verdiyi maliyyə dəstəyi və səfər xərclərinə ayrılan vəsaiti kifayət hesab etmirlər. Lisenziya, transfer, yaşayış, nəqliyyat və avadanlıq xərclərinin ciddi şəkildə artması məhdud büdcə ilə fəaliyyət göstərən həvəskar klubları çətin vəziyyətə salıb.
Xüsusilə səfər xərclərinin davamlı yüksəlməsi və gəlirlərin bu artımı qarşılaya bilməməsi bəzi komandaların oyunlara çıxmasını belə mümkünsüz edib.
Klub nümayəndələri mövcud şərtlər daxilində mübarizənin artıq yalnız idman deyil, ağır maliyyə yükünə çevrildiyini bildiriblər. Federasiya tərəfindən daha güclü və uzunmüddətli dəstək paketinin təqdim olunmayacağı halda həvəskar futbolun gələcəyinin ciddi təhlükə ilə üzləşəcəyi vurğulanıb.
34 klubun liqalarda iştirak etməmək qərarı Türkiyə futbol ictimaiyyətində geniş rezonans doğurub.
