Almaniyanın “Borussiya” Mönhenqladbax futbol komandası baş məşqçisi Eugen Polanski ilə yollarını ayırıb.
İdman.Biz “VoetbalPrimeur”a istinadən xəbər verir ki, qərar Bundesliqanın son turunda “Frayburq”a 0:5 hesablı məğlubiyyətdən bir gün sonra verilib.
Mönhenqladbax təmsilçisi yeni mövsümə uğursuz başlayıb. Komanda ilk üç çempionat oyununda məğlub olub, xal qazana bilməyib və bu görüşlərdə cəmi üç qol vuraraq 12 top buraxıb.
Klubun idman direktoru Rouven Şröder “Frayburq”la matçdan sonra Polanskiyə açıq şəkildə etimad göstərməyib. Mənbənin məlumatına görə, baş məşqçi də qarşılaşmadan sonra istefasını təqdim edib. Klub isə hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Polanski 2025-ci ilin sentyabrında Gerardo Seoaneni əvəzləyərək baş məşqçi təyin olunub. Maraqlıdır ki, “Borussiya” ötən mövsümdə də ilk üç turdan sonra baş məşqçi ilə yollarını ayırıb. Həmin vaxt Seoane istefaya göndərilib, komanda isə mövsümü Bundesliqada 12-ci pillədə başa vurub.
