“Çelsi”də Todd Boehli dövrü başa çatır

11 Sentyabr 2026 12:46
75
“Çelsi”də Todd Boehli dövrü başa çatır

İngiltərənin “Çelsi” futbol klubunun sahibliyində dəyişiklik baş verə bilər.

İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, ABŞ-li investor Todd Boehli tərəfdaşları Mark Uolter və Hansyörq Visslə birlikdə klubdakı 38,5 faizlik payını “Clearlake Capital” şirkətinə satmağa razılaşıb. Sövdələşmənin Boehliyə və tərəfdaşlarına cüzi gəlir gətirəcəyi qeyd olunub.

Razılaşma rəsmiləşərsə, “Clearlake Capital”in “Çelsi”dəki payı 61,5 faizdən 99,9 faizə yüksələcək. Məlumata görə, tərəflər arasında razılaşmanın rəsmiləşdirilməsi artıq son mərhələdədir.

Qeyd edək ki, “Çelsi” 2022-ci ildə Boehlinin də daxil olduğu konsorsium tərəfindən 2,5 milyard funt-sterlinqə alınıb. Həmin vaxt klubun inkişafına əlavə 1,75 milyard funt-sterlinq sərmayə yatırılacağı vəd edilib.

Boehli klubun alınması prosesində əsas sima olub. O, ilk vaxtlar müvəqqəti idman direktoru vəzifəsini də icra edib. Lakin son illərdə amerikalı investor klubun gündəlik idarəçiliyindən uzaqlaşıb. Bu sahədə əsas söz sahibi isə Bexdad Eqbali olub.

Tərəfdaşlar arasında payların alqı-satqısı ilə bağlı danışıqların 2024-cü ildən başladığı bildirilir. Buna səbəb tərəflər arasında münasibətlərin getdikcə gərginləşməsi olub.

Mark Uolterin layihədən ayrılmaq istəməsindən sonra Boehlinin də klubdakı payını satması gözlənilir. Sövdələşmə baş tutacağı təqdirdə “Çelsi”nin idarəçiliyi əsasən Bexdad Eqbali və Xose E. Felisianonun nəzarətində olacaq.

İdman.Biz