İspaniya millisinin baş məşqçisi Luis de la Fuente bu il “Qızıl top” mükafatının ispan futbolçuya verilməli olduğunu düşünür.
İdman.Biz xəbər verir ki, Fuente “Qızıl top” mükafatına namizədlər siyahısında bir-neçə ispan oyunçunun adının olmamasından narazılıq edib.
“İspaniyalı futbolçu “Qızıl top”u qazanmalıdır. Mən həmişə yerli istedadların və İspaniya brendinin arxasındayam. İnkişaf, performans və keyfiyyət məsələsində dünya səviyyəsindəyik. Əgər dərhal kiminsə adını çəkməli olsaydım, nominantlar siyahısında Mikel Oyarzabalın adının olmamasını qeyd edərdim. Adları yazan hər kim olubsa, yəqin ki, vərəqi yerə salıb və onun adını daxil etməyi unudub.
Düşünürəm ki, Lamin Yamal “Qızıl top”u qazana bilər, çünki o, ispan və fantastik futbolçudur. Əgər bu il olmasa, gələcəkdə qazanacaq. Düşünürəm ki, onu qazanmaq üçün çox gözləməli olmayacaq. Görürəm ki, o, bu mövsümün əvvəlində əla formadadır və biz uzun illər onun oyununu izləməkdən zövq almaq istəyirik”, – deyə Fuente bildirib.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
