İspaniyanın “Atletiko” futbol komandası Xulian Alvaresin “Barselona”ya mümkün transferi ilə bağlı rəsmi açıqlama yayıb.
İdman.Biz xəbər verir ki, Madrid klubunun Direktorlar Şurası argentinalı hücumçunun Kataloniya təmsilçisinə keçidi ilə bağlı danışıqlar aparmamaq qərarını yekdilliklə dəstəkləyib.
“Klub transfer bazarında danışıqlara açıqdır, amma bu proses etik, peşəkar və klublar arasında qarşılıqlı hörmət çərçivəsində aparılmalıdır. “Barselona” bu tələblərə əməl etməyib. Buna görə də Xulian Alvaresin transferi ilə bağlı onlarla heç bir danışıq olmayıb və olmayacaq”, - deyə açıqlamada bildirilib.
“Atletiko” rəhbərliyi futbolçunun bu qərarı anlayışla qarşılayacağına və diqqətini komandanın hədəflərinə yönəldəcəyinə ümid etdiyini də qeyd edib.
Məsələ “Barselona”nın idman direktoru Dekonun “El Món a RAC1” verilişinə müsahibəsindən sonra yenidən gündəmə gəlib. O, Kataloniya klubunun Alvares üçün rəsmi təklif göndərdiyini, lakin qarşı tərəfdən cavab almadığını bildirib. Deko həmçinin futbolçuya “Atletiko”dan ayrılmaq istədiyini ictimai şəkildə deməsinin tapşırılmadığını vurğulayıb. Deko bildirib ki, Kataloniya klubu “Atletiko Madrid”in futbolçusunu transfer etmək üçün bütün prosesi qarşı tərəfə hörmət çərçivəsində aparıb.
Xulian Alvaresin “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Daha əvvəl Madrid klubunun yalnız 500 milyon avroluq sərbəstqalma məbləğinin ödəniləcəyi halda transferə razılıq verə biləcəyi açıqlayıb.
