Olisenin mesajı “Bavariya” rəhbərini qorxudub

9 Sentyabr 2026 15:50
58
Olisenin mesajı “Bavariya” rəhbərini qorxudub

Almaniyanın “Bavariya” futbol klubunun idman direktoru Maks Eberl Maykl Olisenin yayda “Real”a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Eberl “Sport Bild”ə açıqlamasında fransalı futbolçunun və ya onun nümayəndələrinin klubdan ayrılmaq istəyi ilə bağlı heç vaxt ona müraciət etmədiyini deyib. O, dünya çempionatı zamanı Olisedən aldığı “WhatsApp” mesajını açmağa tərəddüd etdiyini də etiraf edib.

Eberlin sözlərinə görə, həmin anda futbolçunun “Real”a keçidi barədə yazacağını düşünüb. Lakin mesajda Olise ilə Manu Konenin birgə fotosu və ürək işarəsi olub. Hər iki futbolçu Eberlə ABŞ-dən salam göndərib. Daha sonra Eberl Olisedən növbəti mövsüm 11 nömrəli formanı geyinmək istəyib-istəmədiyini soruşub, futbolçu isə 17 nömrəni saxlamağa üstünlük verib.

“Bavariya” rəsmisi Olisenin gələcəyi barədə də danışıb. O bildirib ki, futbolçunun 2029-cu ilədək müqaviləsi var və müqavilədə sərbəstqalma maddəsi yoxdur. Eberlin fikrincə, gələn yaya qədər Olisenin müqaviləni uzadıb-uzatmayacağı ilə bağlı vəziyyət aydınlaşmalıdır.

İdman.Biz
Məqalədə: