FIFA prezidenti Canni İnfantino qurumun etika komitəsinə təqdim olunan şikayət fonunda yenidən diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, “Reboot FIFA” kampaniyası “Fair Square” hüquq müdafiə qrupunun dəstəyi ilə şikayətə 100 mindən çox imza toplayıb. Kampaniya İnfantino ilə bağlı səkkiz insident üzrə tədbir görülməsini tələb edir.
Şikayətdə onun ABŞ prezidenti Donald Trampla münasibətləri, həmçinin Folarin Baloqunun qırmızı vərəqə alması ilə bağlı məsələ, ləğv edilmiş “FIFA Forward Enterprise” layihəsi və FIFA-nın Trampa sülh mükafatı verməsi kimi hallar qeyd olunub.
Bundan başqa, İnfantinonun Trampın Yaxın Şərqdə Sülh Şurasında iştirak etməsi və ABŞ prezidenti ilə əməkdaşlıqla bağlı açıqlamaları da şikayətdə əksini tapıb.
“Fair Square” hesab edir ki, sözügedən hallar İnfantinonun səlahiyyətlərindən sui-istifadə etdiyini, siyasi neytrallıq və sədaqət borcunu pozduğunu göstərir. Təşkilat imzaların sayının artmasını ictimai narahatlığın göstəricisi kimi qiymətləndirərək FIFA-nın etika komitəsini məsələyə şəffaf və qətiyyətli şəkildə baxmağa çağırıb.
FIFA isə ittihamları rədd edib. Qurum bunu “FIFA-nı və onun prezidentini gözdən salmaq üçün bəziləri tərəfindən həyata keçirilən razılaşdırılmış və davamlı səy” adlandırıb.
Qeyd edək ki, FIFA bazar günü İnfantinonun gələn il prezidentliyə dördüncü və sonuncu müddət üçün namizədliyini irəli sürəcəyini təsdiqləyib.
