“European Leagues” (Avropa Peşəkar Futbol Liqaları Birliyi) və FİFPro (Beynəlxalq Peşəkar Futbolçular Həmkarlar İttifaqı) tərəfindən FİFA-ya qarşı qaldırılan hüquqi iddianın əhatə dairəsi qadın futbolu ilə bağlı qərarları da əhatə edəcək şəkildə genişləndirilib.
İdman.Biz xəbər verir ki, “European Leagues” FİFA-nın qadınların beynəlxalq oyun təqvimi və qadın futbolunun tənzimlənməsi ilə bağlı qərarlarının peşəkar liqaların inkişafına və maliyyə dayanıqlığına zərər vurduğunu bildirib.
Qurum FİFA-nın həm idarəedici orqan, həm də yarış təşkilatçısı kimi fəaliyyət göstərməsinin maraqların toqquşmasına səbəb olduğunu və öz kommersiya maraqlarını milli liqaların hesabına üstün tutduğunu iddia edib.
İlkin şikayət 2024-cü ilin oktyabrında FİFA-nın kişi futbolçular üçün beynəlxalq təqvimi ilə bağlı Avropa Komissiyasına təqdim edilib. Hazırkı müraciətə qadın futbolu ilə bağlı qərarlar da əlavə olunub.
Qeyd edək ki, FİFA son aylarda Dünya Kuboku və digər yarışlardakı payların investisiya şirkətlərinə satılması planına görə də təzyiqlərlə üzləşib. Plan UEFA-nın etirazından sonra ləğv edilib.
Belə bir vəziyyətdə iFİFA prezidenti Canni İnfantino isə 2031-ci ilə qədər vəzifədə qalmaq üçün yenidən namizəd olacağını bildirib.
