“Sabah”ın Puxaçı Polşa millisinin radarında

7 Sentyabr 2026 19:30
85
“Sabah”ın Puxaçı Polşa millisinin radarında

Azərbaycanın “Sabah” klubunun müdafiəçisi Timoteuş Puxaç Polşa milli komandasına qayıtmaq şansı əldə edə bilər. Tanınmış polşalı jurnalist Mateuş Borek milli komandanın baş məşqçisi Yan Urbanı Millətlər Liqasının qarşıdakı matçları üçün heyət formalaşdırarkən futbolçunun namizədliyini nəzərdən keçirməyə çağırıb.

İdman.Biz “Przegląd Sportowy Onet”ə istinadən xəbər verir ki, Borek Polşa yığmasının taktiki sxeminin üç müdafiəçidən dördlüyə dəyişdirilməsini istəyib. Cinah mövqeləri üçün namizədlər sırasında o, Matti Keş, Pjemıslav Frankovski, Mixal Qurqul və Puxaçın adını çəkib.

“Qarşıda dörd matç var, rotasiyalar olacaq, məşqçi Urban müəyyən variantları sınayacaq. İndi biz təsəvvür edə bilmərik ki, Frankovskinin “Qalatasaray”da oyun praktikası ilə bağlı problemləri olduğu bir neçə zəif aydan sonra o, müdafiənin sağ cinahında oynamaq şansı əldə etməsin. Mənə elə gəlir ki, onun “Renn”dəki mövqeyi və bu sxem Urbanı düşünməyə vadar etməlidir. O, başqa sistemi sınamalıdır”, – deyə Borek bildirib.

Jurnalist cari mövsümdə Çempionlar Liqasının ümumi mərhələsində çıxış edəcək “Sabah”ın müdafiəçisinə xüsusi diqqət çəkib.

“Digər tərəfdən, Çempionlar Liqasında oynayacaq Puxaç var. “Lex”də çox yaxşı çıxış edən Qurqul var”, – deyə Borek qeyd edib.

Jurnalistin fikrincə, mərkəz müdafiəsində də rotasiya zəruridir və burada Kacper Potulski və digər gənc futbolçular şans qazana bilərlər.

Polşa yığması sentyabrın sonu və oktyabrın əvvəlində Millətlər Liqasında dörd oyun keçirəcək: Bosniya və Herseqovina ilə iki dəfə qarşılaşacaq, həmçinin İsveç və Rumıniya ilə oynayacaq. Puxaçın dəvət olunması ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib.

Xatırladaq ki, sentyabrın 10-da “Sabah” Çempionlar Liqasının ümumi mərhələsində ilk matçını keçirəcək. Azərbaycan klubu İngiltərədə “Old Trafford” stadionunda “Mançester Yunayted”lə qarşılaşacaq.

İdman.Biz