Mbappedən “Qızıl top” mesajı: “Bəlkə də bu, mənim ilimdir”

7 Sentyabr 2026 19:42
87
Mbappedən “Qızıl top” mesajı: “Bəlkə də bu, mənim ilimdir”

“Real Madrid”in futbolçusu Kilian Mbappe bu il karyerasında ilk dəfə “Qızıl top”u qazanmaq üçün yaxşı şansının olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, Fransa millisinin kapitanı özunu dünyanın ən yaxşı oyunçusu sayıb.

“Düşünürəm ki, dünyanın ən yaxşı klubu olan “Real”da oynayanda insanlar səni bu mükafatla əlaqələndirirlər. Mənim və “Qızıl top” haqqında danışan çox insan var. Əlbəttə, ən vacib yarışda tarix yazmışam. Bəlkə də bunun üçün yaxşı ildir, amma insanlar düşündüklərinə əsasən səs verə bilərlər.

Mən həmişə düşünürəm ki, dünyanın ən yaxşı oyunçusuyam. Amma hər kəsin öz fikri var. Bəlkə də insanlar fərqli düşünürlər. Düşünmürəm ki, bu, müzakirə etməli olduğumuz mövzudur.

Əlbəttə, bu il “Qızıl top”u qazanmağım üçün yaxşı ola bilər. Amma jurnalistlər səs verirlər”, – deyə Mbappe bildirib.

Fransalı futbolçunun “Qızıl top” reytinqində ən yüksək göstəricisi 2023-cü ildə olub. O zaman PSJ-nin futbolçusu olan Mbappe üçüncü yeri tutub.

Oktyabrın 26-da təqdim ediləcək mükafatın əsas favoritləri arasında Harri Keyn, Lamin Yamal və Rodri də göstərilir. Keyn ötən mövsüm “Bavariya”nın heyətində 51 oyunda 61 qol vuraraq klub rekorduna imza atıb. Yamal “Barselona” ilə La Liqanı, Rodri isə İspaniya millisi ilə Dünya Çempionatını qazanıb.

Mbappe həmçinin onun PSJ-dən ayrılmasından sonra Paris klubunun Çempionlar Liqasında qazandığı uğurlara da münasibət bildirib. Fransalı hücumçu PSJ-nin onun gedişindən sonra ardıcıl iki mövsümdə turnirin qalibi olmasını şərh edib.

“Mən bunu dəyişə bilmərəm. Həqiqət budur ki, məni əslində maraqlandırmır. Mən futbolu təhlil etməyi bilirəm və səbəbini də bilirəm.

Futbol haqqında hər şeyi bilmirəm, amma əksəriyyətindən çox bilirəm”, – deyə o bildirib.

Mbappe “Real Madrid”dəkı vəziyyətə də toxunub:

“Real Madrid”lə təcrübəm mənə deyir ki, çox uzunmüddətli düşünməməliyəm. Çünki çox şey dəyişə bilər. Mən necə hazır ola biləcəyimi, komandama qələbə qazanmaqda necə kömək edəcəyimi və Çempionlar Liqasına yaxşı başlamağı düşünmək istəyirəm”.

27 yaşlı futbolçu ötən mövsüm Madrid klubunun heyətində keçirdiyi 44 matçda 42 qol vurub. Lakin “Real” mövsümü heç bir titul qazanmadan başa vurub.

Mbappe DÇ-2026-da 10 qolla “Qızıl buts” mükafatını əldə edib və dünya çempionatlarında vurduğu qolların sayını 22-yə çatdırıb. Fransa millisi isə turnirdə dördüncü yeri tutub.

İdman.Biz