“Fənərbağça” - “Beşiktaş” derbisi və Axundzadənin şansı: turun intrigaları - İDMAN.BİZ - in İCMALI

4 Sentyabr 2026 18:43
109
“Fənərbağça” - “Beşiktaş” derbisi və Axundzadənin şansı: turun intrigaları - İDMAN.BİZ - in İCMALI

Bu gün “Başakşehir” – “Qalatasaray” matçı ilə Türkiyə futbol çempionatında dörddüncü tur başlayacaq. Turun əsas hadisəsi mövsümün ilk İstanbul derbisi olacaq. Nəriman Axundzadənin formasını geyindiyi “Ərzurumspor” isə hələ xal qazanmayan yeganə komanda ilə son dərəcə vacib görüş keçirəcək.

İdman.biz xəbər verir ki, turun ilk iki oyununun vaxtında “Qalatasaray” və “Fənərbağça”nın qarşıdakı avrokubok görüşləri nəzərə alınaraq dəyişiklik edilib. Aşağıda bütün oyunların başlanma vaxtı Bakı vaxtı ilə göstərilib.

Bu gün: “Qalatasaray” öz müdafiəsinin xoşagəlməz statistikası ilə üz-üzə

Saat 21:00-da “Başakşehir” “Qalatasaray”ı qəbul edəcək. Son çempion yeddi xalla turnir cədvəlinə başçılıq edir və üç matçda doqquz qol vurmaqla liqanın ən məhsuldar komandasıdır. Bu qollardan beşinin müəllifi Viktor Osimhendir.

Lakin liderin startını qüsursuz adlandırmaq olmaz. Okan Burukun komandası “Çorum”la 2:2 hesablı heç-heçədən sonra “Ərzurumspor”u 4:0 hesabı ilə məğlub edib, ardınca isə “Göztəpə”yə çətinliklə qalib gəlib – 3:2. Üç oyunda buraxılan dörd qol rəqiblərin sürətli əks-hücumlarının çempiona problem yarada bildiyini göstərir.

“Başakşehir” dörd xal toplayıb və doqquzuncu pillədə qərarlaşıb. Nuri Şahinin komandasının aktivində bir qələbə, bir heç-heçə və bir məğlubiyyət var. Qarşılıqlı oyunların statistikası isə aşkar şəkildə qonaqların xeyrinədir. Okan Burukun rəhbərliyi altında “Qalatasaray” çempionatda “Başakşehir”ə qarşı keçirdiyi son səkkiz matçın hamısında qalib gəlib. Bu görüşlərdə topların ümumi fərqi 21:3-dür.

Rafael Leau və Deniz Gülün mümkün debütü də qarşılaşmaya əlavə maraq qatır. Bununla belə, hücum xəttinin əsas siması komandanın çempionatdakı qollarının yarıdan çoxunu vuran Osimhen olaraq qalır.

Sabah: autsayderlərin dueli və mövsümün ilk derbisi

Saat 18:00-da “Ərzurumspor”la “Konyaspor” qarşılaşacaq. Bu, turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların duelidir. Meydan sahibləri bir xal və 1:8 top fərqi ilə 17-ci yerdədirlər. Qonaqlar isə keçirdikləri hər üç oyunda uduzaraq sonuncu pillədə qərarlaşıblar.

“Ərzurumspor” “Amed”ə 0:3, “Qalatasaray”a isə 0:4 hesabı ilə məğlub olduqdan sonra liderlər qrupunda yer alan “Gənclərbirliyi” ilə səfərdə heç-heçə edib – 1:1. Serkan Özbaltanın komandası bununla həm ilk xalını qazanıb, həm də mövsümdə ilk qolunu vurub. İndi “Ərzurumspor” doğma azarkeşləri önündə bu nəticənin təsadüfi olmadığını göstərməlidir.

Nəriman Axundzadə “Ərzurumspor”un hər üç oyununda meydana sonradan daxil olub. Azərbaycanlı hücumçu ümumilikdə 55 dəqiqə oynayıb, lakin hələ məhsuldar hərəkətlə yadda qalmayıb. O, əsas heyətdə meydana çıxmasa da, turnir cədvəlinin sonuncusu ilə ev oyunu Axundzadəyə daha çox şans qazandıra bilər. Hazırda Nəriman Azərbaycan millisinin Türkiyə Super Liqasındakı yeganə təmsilçisidir.

“Konyaspor”un heyətini gücləndirməsi meydan sahiblərinin işini çətinləşdirə bilər. Klub qarşılaşma ərəfəsində hücumçu Mostafa Mohamed və cinah oyunçusu Jan-Lük Dompenin qeydiyyatını tamamlayıb. Hər iki komanda ilk qələbəsini qazanmağa çalışacaq. Buna görə də birbaşa rəqiblərin duelində ehtiyatlı futbol gözləmək çətindir.

“Fənərbağça” – “Beşiktaş”: bərabər güclərin derbisi

Saat 21:00-da turun mərkəzi qarşılaşması başlayacaq. “Beşiktaş” üçüncü, “Fənərbağça” isə dördüncü pillədədir. Hər iki komandanın altı xalı var və turnir cədvəlində qonşu olan rəqibləri yalnız top fərqi ayırır.

“Fənərbağça” çempionata “Gənclərbirliyi”nə 1:2 hesablı məğlubiyyətlə başlayıb. Bundan sonra komanda “Konyaspor”a 4:2, “Samsunspor”a isə 2:0 hesabı ilə qalib gəlib. “Beşiktaş” “Eyüpspor”u 1:0 hesabı ilə məğlub edib, “Alanyaspor”a 0:1 hesabı ilə uduzub, derbi ərəfəsində isə “Çorum”u darmadağın edib – 6:2.

Beləliklə, meydan sahibləri derbiyə ardıcıl iki qələbədən və mövsümdə qapısını toxunulmaz saxladığı ilk matçdan sonra çıxacaqlar. “Beşiktaş” isə buna ilk üç turun ən böyükhesablı qələbəsi ilə cavab verir. Bununla belə, 16-cı pillədə olan “Çorum”dan buraxılan iki qol da diqqətdən kənarda qalmamalıdır.

“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtalyano Türkiyədə ilk derbisinə çıxacaq. “Fənərbağça”nın çalışdırıcısı İsmayıl Kartal isə “qara-ağlar”a qarşı uğurlu statistikaya malikdir. Onun komandaları “Beşiktaş”la beş oyunda dörd qələbə qazanıb və bir dəfə heç-heçə ediblər.

Bu, rəqiblər arasında tarixdə 365-ci qarşılaşma olacaq. Ötən mövsüm “Fənərbağça” səfərdə 0:2 hesabı ilə geri düşsə də, Orkun Kökçünün meydandan qovulmasından sonra geridönüş edərək “Beşiktaş”a 3:2 hesabı ilə qalib gəlib. Buna görə derbidə erkən üstünlük belə heç nəyi təmin etmir.

Bazar günü: liderlər qrupu üçün iki sınaq

Saat 18:00-da çempionatda hələ məğlub olmayan “Kasımpaşa” “Amed”i qəbul edəcək. Super Liqanın debütantı iki qələbə qazanaraq beşinci pilləyə yüksəlib. Komanda əvvəlki turda “Trabzonspor”u 2:1 hesabı ilə məğlub edib. Bu, günün ən maraqlı qarşılaşmalarından biridir: ehtiyatlı və sabit “Kasımpaşa” elitada yalnız yerini qorumaq uğrunda mübarizə aparmaq niyyətində olmadığını göstərən “Amed”ə qarşı.

Eyni vaxtda “Çorum” “Eyüpspor”la üz-üzə gələcək. Meydan sahibləri bir xal toplayıb və doqquz qol buraxıblar. Bu, liqanın ən pis göstəricisidir. İlk iki matçında uduzan “Eyüpspor” isə əvvəlki turda “Alanyaspor”u 2:1 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb.

Saat 21:00-da “Trabzonspor” “Gənclərbirliyi”ni qəbul edəcək. Dörd xala malik meydan sahibləri 11-ci pillədədirlər və “Amed”ə məğlubiyyətdən sonra azarkeşləri qarşısında bəraət qazanmağa çalışacaqlar. “Gənclərbirliyi” isə hələ uduzmayıb, yeddi xal toplayıb və ikinci yerdə qərarlaşıb. Trabzonda qazanılacaq qələbə Ankara təmsilçisinin uğurlu startını ciddi iddiaya çevirəcək.

Eyni vaxtda ardıcıl iki qələbə qazanan “Kocaelispor” “Samsunspor”la qarşılaşacaq. Qonaqlar “Fənərbağça”ya evdə 0:2 hesablı məğlubiyyətdən sonra vəziyyəti düzəltməyə çalışacaqlar.

Tura bazar ertəsi yekun vurulacaq. Saat 21:00-da “Rizespor” – “Alanyaspor” və “Göztəpə” – “Qaziantep” qarşılaşmaları keçiriləcək.

İdman.Biz