Bolqarıstan futbolunun əfsanəsi, “Barselona”nın sabiq hücumçusu Hristo Stoiçkov Azərbaycanda təşkil olunan 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının əhəmiyyətindən danışıb.
İdman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1994-cü ilin “Qızıl top” mükafatçısı turnirin gənc futbolçuların beynəlxalq təcrübə qazanması baxımından mühüm fürsət olduğunu vurğulayıb.
“Mənim fikrimcə, FIFA-nın U-15 dünya çempionatı son dərəcə vacibdir. Belə turnirləri həmişə alqışlayıram. Çünki gənc futbolçular məhz bu yarışlarda inkişaf etməyə və qarşılarında hansı gələcəyin olduğunu anlamağa başlayırlar”, - deyə Stoiçkov bildirib.
O, Bolqarıstan millisinin də yarışda iştirak etməsinə münasibət bildirib:
“Bolqarıstan Avropanın ən güclü komandalarında çox sayda bolqarıstanlı futbolçunun olmadığı bir dövrdə yenidən mühüm yarışa qayıdır. Bəli, İtaliya, Almaniya və İngiltərədə oynayan futbolçularımız var, amma onların sayı daha çox olmalıdır. Bu turnir onların inkişafı üçün yaxşı fürsətdir”.
Stoiçkov Bolqarıstanın Şotlandiya ilə qarşılaşmasına da toxunub:
“Bolqarıstan 1970-ci illərdən başlayaraq, o cümlədən mənim oynadığım dövrdə Şotlandiya ilə çox oyun keçirib. Şotlandiya həmişə güclü rəqib olub. Ümid edirəm ki, bu dəfə Bolqarıstan qalib gəlməyin yolunu tapa biləcək”.
Əfsanəvi futbolçu Azərbaycanda keçiriləcək yarışın FIFA-nın gənclər futboluna münasibətini nümayiş etdirəcəyinə inandığını bildirib:
“Ümid edirəm və arzulayıram ki, Azərbaycandakı FIFA U-15 dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına nə qədər böyük önəm verdiyini həm futbolçulara, həm də bütün dünyaya göstərəcək”.
Qeyd edək ki, tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək. Turnirdə 189 milli futbol assosiasiyasının komandası iştirak edəcək. Onlardan 78-i FIFA-nın dünya çempionatlarında ilk dəfə təmsil olunacaq.
Yarış səkkiz nəfərlik komandalar arasında təşkil ediləcək. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Oyunların əksəriyyəti Hövsan Yarış Kompleksində, açılış qarşılaşması və finallar isə “Baku Crystal Hall”da keçiriləcək.
